“Bu, Ermənistanla Rusiya arasındakı problemdir, bizə aidiyyatı yoxdur” - Politoloq

“Bu, Ermənistanla Rusiya arasındakı problemdir, bizə aidiyyatı yoxdur” - Politoloq

Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədində missiyasını gücləndirdiyini açıqlayıb. Bu barədə ötən gün Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borell danışıb.

 

Onun sözlərinə görə, missiya sərhədin həssas bölgələrində patrulların sayını artıracaq. Ermənistan Xarici İşlər nazirinin müavini Paruyr Hovhannisyan isə bununla bağlı razılaşmanın olduğunu vurğulayıb. 

 

"Müşahidəçilərin sayının artırılması, onların potensialının gücləndirilməsi ilə bağlı qərar var ki, bu da monitorinqlə bağlı daha fəal iş aparmağa, Brüsselə və üzv dövlətlərə müvafiq hesabatlar təqdim etməyə imkan verəcək və sərhədlərimizdə sabitliyi daha da gücləndirəcək", - deyə o əlavə edib.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, sözügedən addımlar əslində Rusiyanı bölgədə zəiflətməyə hesablanıb:

 

“Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı rəsmiləri Rusiya əleyhinə birgə oyun qurublar. Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasının sayını guya ona görə artırır ki, Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etmək təhlükəsi var. Azərbaycan Ermənistana müdaxiləyə başlayarsa, bölgəni birinci tərk edən elə həmin avropalı müşahidəçilər olacaq. Onların Azərbaycan hərbçilərini dayandıracaq imkanları yoxdur.  İrəvanla Brüsselin müşahidəçi missiyasının sayını artırması planının Azərbaycan təhlükəsi ilə zərrə qədər də bağlılığı yoxdur. Qonşunun ərazisi tarixi torpaqlarımız olsa belə, ordumuzun Ermənistan ərazisinə irəliləmək kimi planı yoxdur”.

 

Ekspert bildirib ki, Azərbaycan Qarabağda suverenliyini bərpa edib və bu, bizə yetərlidir:

 

“Avropa İttifaqı missiyasının Ermənistanda artan sayı sırf Rusiya ilə bağlıdır. İrəvan və Brüssel “Azərbaycan təhlükəsi” bəhanəsiylə Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışır. Bunun bizə aidiyyatı yoxdur. Bu, Ermənistanla Rusiya arasındakı problemdir. Ancaq Rusiyanın Cənubi Qafqaza təsir imkanları azalarsa, bu, bizim üçün də faydalıdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR