“Səsləndirilmiş əsassız və yalan dolu iddiaları qətiyyətlə rədd edirik” - XİN

“Səsləndirilmiş əsassız və yalan dolu iddiaları qətiyyətlə rədd edirik” - XİN

“Bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Parisdə UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycan əleyhinə səsləndirilmiş əsassız və yalan dolu iddiaları qətiyyətlə rədd edirik”.

 

Sfera.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ermənistanlı həmkarı Ararat Mirzoyanın UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhindən bildirib.

 

“Ölkəmizə qarşı 30 ilə yaxın hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını pozan Ermənistanın riyakarcasına Azərbaycanı könüllü olaraq Ermənistana getmiş ermənilərin “etnik təmizləməsində” ittiham etməkdə davam etməsi, bu istiqamətdə müxtəlif beynəlxalq platformalardan sui-istifadə cəhdləri qəbuledilməzdir”.

 

O qeyd edib ki, Ermənistanın bu kimi əsassız iddialarının regiona səfər edən, eləcə də bu ölkədə aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil etdiyi göz qabağındadır.

 

Azərbaycanın Qarabağ bölgəsində mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialara gəldikdə isə, ölkəmizin keçmiş işğal olunmuş ərazilərində və Ermənistanda mədəni irsimizin qəsdən dağıdılması, mənimsənilməsi, dəyişdirilməsi, habelə qanunsuz başqa yerə aparılması ilə tanınan Ermənistanın Azərbaycanı bu məsələdə ittiham etməsi tamamilə əsassızdır. Ermənistan nazirinin bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə, məhkəmə qərarlarının təhrif edilməsi cəhdindən başqa bir şey deyil.

 

Ayxan Hacızadə bildirib ki, Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur.

 

“Ermənistanın mədəni, dini, tarixi qorumaq vəzifəsi daşıyan UNESCO kimi beynəlxalq platformadan Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının reallaşdırılması ilə bağlı çağırışları ikiüzlülükdən başqa bir şey deyildir. Məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılması çağırışlarını etsə də təəssüf ki, bu, Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmayıb. UNESCO-nun özü də 2005-ci il hesabatında bu faktı təsdiqləyib. Ermənistanın müxtəlif beynəlxalq platformalardan Azərbaycana qarşı yalan və iftira dolu ritorikanı davam etdirərək, ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirməsinin və bununla da sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olmasının bir daha şahidi oluruq. Ümid edirik, Ermənistan tərəfi bölgədə sülh üçün yaranmış bu tarixi şansı əldən verməyəcək və ölkəsinin faydalanacağı regional sabitlik və iqtisadi istiqrar üçün səylərə mane olmayacaq”, - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR