\"Bir neçə aya ərəb dünyası bütövlükdə müharibəyə qoşulacaq\" - AÇIQLAMA
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Nura əl-Kaabi Yaxın Şərqdə daha geniş müharibənin başlana biləcəyini bildirib.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Yaxın Şərqdəki savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir:
“Əksinə, müharibənin miqyası getdikcə böyüyəcək. Proseslərin inkişafı və səslənən bəyanatlar belə qənaətə gəlməyə əsas verir. Məsələ bundadır ki, Yaxın Şərqdəki müharibənin iki iştirakçısı olsa da, əslində proseslərdə maraqlı olan daha çox tərəf var. Yaxın Şərqlə bağlı ABŞ-nin, Fransanın, Rusiyanın, İranın və hətta Türkiyənin öz maraqları var. Hazırda dünyada proksi müharibə gedir: böyük güclər təsir göstərə bildikləri aktorlardan istifadə edərək müxtəlif regionlarda öz maraqlarını təmin etməyə çalışırlar. Amma bu proses müvəqqətidir”.
Ekspert bildirib ki, döyüşlər ən qısa vaxtda dayanmasa, bir müddətdən sonra ayrı-ayrı dövlətlər öz mövqelərini ortaya qoyacaqlar:
“Artıq tərəfsizliyə imkan olmayacaq. Həmçinin bir müddətdən sonra hazırda “səhnəarxasında” olan böyük aktorlar prosesə birbaşa müdaxilə edəcəklər. Görünən odur ki, ərəb liqası artıq hədəfdədir. Hazırda davam edən proseslərin sadəcə Fələstinlə yekunlaşacağını düşünmürəm. Livan artıq birbaşa olmasa da, bilavasitə müharibəyə qoşulub. Çox güman, bu prosesin davamı da gələcək. Bu, hazırkı anda bir az utopik görünsə də, gələcəkdə Misirin də müharibəyə qoşulması qətiyyən istisna deyil. Çünki regionu “qaynaq qazana” çevirmək istəyənlər var. Əgər proseslər belə davam edərsə, ən geci bir neçə aya Yaxın Şərqdə tamamilə başqa vəziyyət yaranacaq: ərəb dünyası bütövlükdə müharibəyə qoşulmalı olacaq”.
Günay