Putindən Ukrayna savaşı ilə bağlı ETİRAF: “Əsl məqsədimiz..”
Rusiya Prezidenti Vladimir Putin Çin KİV-nə müsahibəsində Ukraynadakı müharibədən danışıb. O, bildirib ki, hazırkı döyüşlərin məqsədi yeni müharibə başlatmaq deyil, əksinə, 2014-cü ildən bəri davam edən savaşa son qoymaqdır.
Rusiya dövlət başçısı, həmçinin söyləyib ki, Ukraynanın əks-hücum əməliyyatlarının heç bir nəticəsi yoxdur.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, savaşın yaxın vaxtda başa çatacağı ağlabatan görünmür:
“Putinin fikirlərində diqqətçəkən əsas məqamlardan biri onun döyüşlərin məqsədi ilə bağlı dedikləridir. Rusiya liderinin sözlərindən belə başa düşülür ki, savaşı məhz Moskva başladıb. Hərçənd Kreml müharibəyə görə indiyədək Qərbi günahlandırırdı. O, bir növ özünə bəraət qazandırmağa çalışıb, amma uğurlu alınmayıb. Rusiya ilə Ukrayna arasında gərginliyin əsas səbəbi 2014-cü ildə Krım yarımadasının, həmçinin Donetsk və Luqanskın işğalı idi. Yəni əslində o zaman müharibəni başladan Rusiya özü olub. İndi Moskva özü başlatdığı müharibəyə son qoymaq istəyir?..”.
Müsahibimiz əks-hücum əməliyyatları barədə danışarkən bildirib ki, Ukrayna ordusu effektsiz olmaya bilməz:
“Ukrayna müddət ərzində xeyli əraziləri işğaldan azad edib. Üstəgəl, müharibə artıq Rusiya ərazisinə keçib. Rusiya daxilindəki gərginlik də məhz əks-hücum əməliyyatlarının nəticəsidir. Görünən odur ki, müharibə hələ uzun müddət, bəlkə də, bütövlükdə Avropanın xəritəsi dəyişənədək davam edəcək”.
Günay