Putinin Cənubi Qafqazla bağlı siyasəti DƏYİŞİR - Nələr olacaq?
Rusiya prezidenti Vladimir Putin ötən gün MDB Dövlət Başçıları Şurasının iclasında Bakı ilə İrəvan arasında danışıqların Moskvada aparılmasını təklif edib.
“Gündəmdə Azərbaycanla Ermənistan arasında uzun müddətdir, davam edən münaqişəyə son qoymaq üçün sülh müqaviləsinin hazırlanması məsələsi var. Rusiya tərəfi, əlbəttə, bu işdə tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır. Xüsusilə, biz danışıqların Moskvada təşkilinə hazırıq”, deyə o, söyləyib.
Bununl bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Moskva regionda yeni reallıqların yarandığını və bu reallıqların müəllifinin rəsmi Bakı olduğunu anlayır:
“Kremlin asanlıqla bölgədən çıxmaq fikri yoxdur. Amma Cənubi Qafqazda yaranan yeni imkanlar Rusiyanı bu reallıqlara uyğun davranmağa məcbur edir. Şimal qonşumuz başa düşür ki, ehtimal edilən sülh müqaviləsindən sonra daha sülhməramlılara ehtiyac qalmayacaq. Bu isə Moskvanın bölgədəki təsir gücünün azalması deməkdir. Amma Rusiya həm də Qərbin, o cümlədən Fransanın bölgəyə soxulmaq cəhdlərini anlayır. Odur ki, təşəbbüskarlığını artırır. Rusiyanın iştirakı ilə üçtərəfli təmasların intensivləşməsi, yeni fürsətlərin ortaya çıxması, sülh müqaviləsi istiqamətində atılacaq addımlar, o cümlədən müqavilənin imzalanması kənar aktorların fəaliyyətini bloklayacaq. İndiki məqamda Rusiyaya lazım olan da məhz budur”.
Müsahibimiz bildirib ki, nazirlər səviyyəsində üçtərəfli görüş təklifini qiymətləndirmək lazımdır:
“Xüsusilə indiki məqamda, yəni İrəvanla Moskva arasında "soyuq küləklər”in əsdiyi zamanda hansısa irəliləyişə nail ola bilərik. Rusiya Cənubi Qafqazla bağlı siyasətini dəyişib. Daha doğrusu, reallıqlar olduğu kimi qəbul etməyə, imperialist ab-havadan çəkinməyə məcbur olub. Rəsmi Bakı bundan istifadə edərək maraqlarını təmin edə bilər”.
Günay