İsrail-Fələstin müharibəsi nefti bahalaşdıra bilər - Rusiyaya günəş doğacaq?

İsrail-Fələstin müharibəsi nefti bahalaşdıra bilər - Rusiyaya günəş doğacaq?

HƏMAS terror təşkilatının İsrailə hücumu və bunun ardınca baş verən böyük hərbi qarşıdurma neft qiymətlərinin yüksəlməsinə səbəb olub. 


Sfera.az xatırladır ki, Yaxın Şərq regionu dünyada ən çox neftin hasil edildiyi və ixrac olunduğu regiondur. Buna görə də burada hərbi münaqişələrin baş verməsi neft qiymətlərinə artırıcı təsir edir. 


Silahlı qarşıdurmanın inkişafı göstərir ki, münaqişə coğrafiyası İsrail və Fələstin arasında məhdudlaşmaya bilər. İsrailin terroristlərə dəstək verən ölkələrin-  Livan və Suriya- ərazisinə də müdaxilə etməsi realdır. 


Bu şərtlər daxilində gərginliyin daha da artacağı gözlənilir ki, bu da neft qiymətlərini yenidən yüksəldəcək. 


Xatırladaq ki, 50 il əvvəl baş verən sonuncu Ərəb-İsrail müharibəsini ardınca 7 il ərzində neftin qiyməti 5 dollardan 50 dollara qədər artmışdı. Neft çıxaran ərəb ölkələri bu addımları ilə İsrailə təzyiq etmək məqsədi güdürdülər. 


Yenidən eyni ssenarinin baş verməsi nəzəri cəhətdən mümkün görünsə də real vəziyyətin buna imkan yaradacağı az ehtimal edilir. Çünki neftin kəskin bahalaşması Qərblə münaqişə vəziyyətində olan Rusiyaya əlavə imkanlar yaradacaq. 


Buna görə də Qərbin neftin daha çox bahalaşmasına imkan verməyəcəyi yəqindir. 


Bununla belə qeyd edək ki, bazar ertəsi birjalar açılanda “Brent” markalı neftin qiymətində sıçrayış qeydə alındı. Qiymət 84,5 dollardan 89 dollara qədər artdı. Amma sonrakı saatlarda qiymətlərdə artım sürəti zəifləyib və “Brent” neftinin qiyməti 86,5 dollara geriləyib.


Onu da bildirək ki, neft qiymətləri kəskin artarsa və uzun müddət yüksək səviyyədə qalarsa, dünyada başqa məhsulların da dəyəri yenidən yüksələcək. Bu hal yeni yüksək inflyasiyanın baş verməsinə səbəb ola bilər. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR