Qazaxın 7, Naxçıvanın 1 kəndi nə vaxt təhvil veriləcək? – “Danışıqlar alınmasa, hərbi yolla...”
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib ki, Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır.
Dövlət başçısı danışıq zamanı bu kəndlərin azad olunmasının vacibliyini vurğulayıb.
Maraqlıdır, Qazaxın 7, Naxçıvanın 1 kəndinin azad edilməsi üçün hərbi əməliyyat başlaya bilərmi? Yoxsa, Ermənistan danışıqlar yolu ilə özü geri çəkilcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev Ermənistanın baş nazirinin sözügedən ərazilərin Azəbaycana məxsus olduğunu etiraf etdiyini xatırladıb:
“Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığında, Qranada danışıqları ilə bağlı fikir mübadiləsi aparıb. Orada da əsas məqamlardan biri Şarl Mişelə Azərbaycanın səkkiz kəndinin hələ də Ermənistan işğalı altında olmasının xatırladılmasıdır. Bəli, bu həqiqətdir. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan ərazisinin bütövlüyünü, suverenliyini tanıması ilə bağlı bəyanatla çıxış edib, rəsmi sənədlə ölkəmizin 86, 6 min kvadrat kilometrlik sərhədlərini tanıdığını bildirib. Paşinyanın da bildirdiyi kimi həm Naxçıvanın Kərki, həm də Qazaxın yeddi kəndi həmin 86,6 min kvadrat kilometrlik əraziyə daxildir. Buna baxmayaraq, həmin kəndlər hələ də erməni işğal altındadır və onların Azərbaycana qaytarılması demək olar ki, gündəmdə yoxdur. Əgər ərazi bütövlüyü tanınırsa, mütləq şəkildə həmin ərazilər Azərbaycana qaytarılmalıdır”.
Millət vəkili Azərbaycanın hərbi yolla da olsa, işğal altında olan kəndləri geri qaytarmaq imkanda olduğunu vurğulayıb:
“Ərazilərimiz danışıqlar yolu ilə qayatrılmasa, bizim o əraziləri hərbi yolla da qaytarmaq imkanımız var. Lakin bu, təbii ki, danışıqlar yolu ilə olsa, çox müsbət bir hal kimi dəyərləndirilə bilər. Axı özləri etiraf edir ki, həmin kəndlər Azərbaycan əraziləridir. Odur ki, o ərazilər boşaldılmalıdır. Əgər orada hər hansı kommunikasiyalar varsa, təhvil verilməlidir. Yəni bu, bizim haqqımız, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış ərazi bütövlüyümüzün təmin olunmasıdır”.
Xatırladaq ki, 30 ildən çoxdur, Qazaxın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri, Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndi erməni işğalı altındadır.
Əzizə Zeynal