Şoltsun Bakıya zənginin PƏRDƏARXASI: “O, anladı ki..”
Ötən gün Almaniya Kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Şolts sözügedən zənglə Fransa prezidenti Emmanuel Makron kimi ermənipərəst olmadığını nümayiş etdirmək fürsətini dəyərləndirmək istəyib:
“Onun zəngi ölkə başçımızın İspaniyadakı görüşdən imtina qərarını verdikdən bir neçə saat sonraya təsadüf edib. Şolts İlham Əliyevlə telefon söhbətində region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət addım olduğunu deyərək, bunu yüksək qiymətləndirib. Buna baxmayaraq, İlham Əliyevin İspaniyaya getməməsi qərarı qəti idi”.
Ekspert bildirib ki, Almaniya Kanslerinin bu qərardan çıxardığı nəticə var:
“Görünür, Şolts anlayıb ki, Almaniya Cənubi Qafqazda fəal olmaq istəyirsə, Ermənistanla Azərbaycan arasında balansı pozmamalıdır. Əks halda, Berlin Paris kimi Azərbaycanı itirmiş olacaq”.
Günay