Ruben Vardanyanın övladları dünya liderlərinə müraciət etdi: “O, qurbandır...”
Övladları Ruben Vardanyanın azad edilməsinə yardım üçün dünya liderlərinə müraciət ediblər.
Sfera.az xəbər verir ki, Ruben Vardanyanın ailəsi onun həbsdən azad edilməsi və təhlkükəsiz şəkildə evinə qayıtması üçün beynəlxalq dəstək və müdaxilə istəyir. Onlar dünya liderlərini bu məsələni həll etmək məqsədilə təcili tədbirlər görməyə çağırıblar.
“Biz Ruben Vardanyanın dörd övladı olaraq dünya liderlərini, insan haqları müdafiəçilərini və medianı atamızın həbsdən azad edilməsi üçün hərəkətə keçməyə çağırırıq. Biz onun səhhətindən narahatıq və yaxalanandan bəri onunla əlaqə saxlaya bilməmişik ", - müraciətdə bildirilir.
Vardanyanın övladları iddia ediblər ki, ataları humanistdir və heç vaxt hərbi fəaliyyətlə məşğul olmayıb.
"O, son onilliklər ərzində regionda təhsil və mədəniyyətinin qorunmasına, o cümlədən Şuşadakı kilsələrin və məscidin bərpasına böyük sərmayə qoyub. O, uzunmüddətli siyasi münaqişənin və qeyri-şəffaf ədalət sisteminin qurbanıdır",- liderlərə verilən mesajda qeyd olunub.
Xatırladaq ki, Ruben Vardanyan 27 sentyabr tarixində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb. Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Əzizə Zeynal