“Bu ölkələr də Cənubi Qafqazda anti-terror əməliyyatlarına başlaya bilər” – Ekspertdən AÇIQLAMA
“Azərbaycan postsovet məkanında separatizm və işğala son verən ilk ölkə oldu”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, bölgədəki digər oxşar vəziyyətlərdən də söz açıb:
“Məsələn, Tiflis yaranmış geosiyasi vəziyyətdən istifadə edə bilmədi. Gürcüstanın Avropaya inteqrasiya əvəzinə, Kremlə boylanması, heç də onun yaxın perspektivdə öz ərazi bütövlüyünü təmin etməsinə gətirib çıxarmayacaq. Qərb Ukrayna müharibəsi fonunda Tiflisin separatçılara qarşı əməliyyata başlamasında maraqlı idi. Buna “Gürcü Arzusu” partiyası sərt reaksiya verdi, Qərbin bu siyasətini Rusiyaya qarşı müharibə kimi qiymətləndirdi. Həmçinin, postsovet məkanında separatizm və işğala son vermək üçün Ukrayna da müharibəni davam etdirir. Moldova isə bir müddətdən sonra separatizmə son verəcək. Bu da Rusiyanın Ukraynada hərbi məğlubiyyəti fonunda reallaşacaq”.
Müsahibimiz bildirib ki, Gürcüstan Türkiyə ilə əməkdaşlığı inkişaf etdirsəydi, separatizm və işğala son verə bilərdi:
“Qərb özünə potensial təhlükə görmədiyi müddətcə, münaqişələrə birbaşa müdaxilə etmir. Regional münaqişələrdə Qərbə arxalanmaq isə yeni fəsadlara yol açır. Azərbaycanın apardığı siyasət bir daha göstərdi ki, ölkə öz hərbi gücünü inkişaf etdirməli, strateji müttəfiqini təyin etməlidir”.
Günay