\"İranın nüvə silahı olarsa, Türkiyə və Səudiyyə Ərəbistanı...\" - AÇIQLAMA

\

ABŞ, Rusiya və Çin nüvə poliqonlarında yeni mərkəzlər inşa ediblər. Bu barədə “CNN” televiziya kanalı məlumat yayıb. Peyk vasitəsilə yeni 3 nüvə mərkəzinin şəkilləri yayımlanıb. Bu, Rusiya ərazisində “Novaya Zemlya”, Çində Sincan-Uyğur bölgəsi, ABŞ-də isə Nevada ştatıdır. Bu mərkəzlərin hər birinə yeni yollar və tunellər çəkilib. Peyk şəkillərində həmin mərkəzə daxil olanların sayının artdığı təsvir olunub.  

 

Maraqlıdır, yeni nüvə mərkəzlərinin tikintisi nə ilə bağlıdır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, sözügedən ölkələr bir-birlərinə inanmır və nüvə arsenallarını artırır, yeni poliqonlar tikirlər:

 

“Keçmiş SSRİ-də sonuncu dəfə nüvə sınağı 1990-cı ildə keçirilib. Rusiyada nüvə sınağı olmayıb. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Çin isə 1996-cı ildə həyata keçirib. Rusiya nüvə sınaqlarının keçirilməsini qadağan edən sənədə imza atıb. ABŞ və Çin bu sənədi imzalasalar da, ratifikasiya etməyiblər.   Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi beynəlxalq aləmi qorxudub. Çünki Rusiya nüvə dövlətidir, müharibədə istədiklərini əldə etmədikdə nüvə silahından istifadə edə bilər. Rusiya rəsmiləri, o cümlədən Prezident Vladimir Putin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrini tez-tez nüvə silahı ilə hədələyirlər”.

 

Ekspert xatırladıb ki, dünyada nüvə dövlətlərinin sayı getdikcə artır:

 

“Hindistan və Pakistan nüvə silahına malik olduqlarını eyni gündə elan ediblər. Yaxın Şərq bölgəsində İsrailin nüvə silahı var. İran nüvə silahı əldə etməyə çalışır. İranın nüvə silahı olarsa, qonşuları Türkiyə və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə edəcəklər. Bu vəziyyətdə ABŞ, Rusiya və Çin nüvə potensiallarını gücləndirməyə qərar alıblar. Halbuki, bu dövlətlər daima nüvə silahından birinci istifadə etməyəcəklərini açıqlayırlar, buna inanan isə azdır”.

 

Günay


 


OXŞAR XƏBƏRLƏR