“Xəbərim yoxdur, Vardanyan Rusiya vətəndaşlığından çıxıb?” – Peskovdan ikibaşlı AÇIQLAMA
Kreml Vardanyanın saxlanılmasına münasibət bildirib.
Sfera.az bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, Ruben Vardanyanın saxlanmasından məlumatsız olduğunu söyləyib.
“Xeyr, məndə belə bir məlumat yoxdur. Amma hər halda o da Rusiya vətəndaşıdır, ona görə də bu və ya digər şəkildə həbs olubsa, məlumat almalıyıq. Bu, ümumi təcrübədir. Təbii ki, biz onun hüquqlarını qoruyacağıq”, - Peskov bildirib.
Jurnalistlər isə Peskova xatırladıblar ki, Vardanyanın Rusiya vətəndaşlığından çıxması barədə əvvəllər də məlumatlar olub. Buna cavab olaraq Kremlin sözçüsü fikrini belə ifadə edib: “Əmin deyiləm, ona görə də dəqiq şərh verə bilmərəm. Əgər o, Rusiya vətəndaşlığından imtina edibsə, bu başqa məsələdir. Yenə də səhv etməkdən qorxuram”.
Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhəd buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Ruben Vardanyan saxlanılıb. Ruben Vardanyanın saxlanılması ilə bağlı onun həyat yoldaşı Veronika Zonabend bəyanat yayıb.
Günay