“Əgər sülh müqaviləsi imzalanmasa..” – Ermənistanı GÖZLƏYƏN AQİBƏT
Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib ki, regionda sülh Ermənistanın təhlükəsizliyini, o cümlədən müstəqilliyini və suverenliyini təmin edən amildir. Baş nazir regionun dinc inkişafının vacibliyindən danışaraq, 1991-ci ilin dekabrında qəbul edilmiş Almatı Bəyannaməsinə toxunub və bu sənədin əsasında İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.
O, əlavə edib ki, Almatı Bəyannaməsindən imtinaya çağırış, əslində, Ermənistanın müstəqilliyi və ərazi bütövlüyündən imtinaya çağırış deməkdir.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Paşinyan o qədər də axmaq siyasətçi deyil:
“O, ictimai rəylə işləməyi və perspektivləri müəyyənləşdirməyi bacarır. Baş nazir başa düşür ki, Ermənistan dövlətçiliyini qorumağın yeganə yolu sülh, regional əməkdaşlıqdır. Əgər sülh müqaviləsi imzalanmasa, Ermənistan beynəlxalq güclərin rəqabətinin qurbanı olacaq. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə bəyan edib. Amma sözdə deyilənləri əməldə təsdiqləmək lazımdır”.
Müsahibimiz deyib ki, indiyə kimi buna mane olan əsas məsələlərdən biri Qarabağdakı xunta rejimi idi:
“Qarabağdakı qanunsuz hərbi birləşmələr müntəzəm olaraq təxribatlar törədirdi. Bu isə sülh perspektivinin qarşısını alırdı. Son zamanlar xunta rejimi ilə Ermənistan hərbi-siyasi hakimiyyəti arasında artan gərginlik də onu deməyə əsas verir ki, qondarma qurum Paşinyanın "ayağına dolanırdı". Bu mənada Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirlərinin nəticəsi əslində həm də Paşinyan üçün fürsətdir. İndi o, sadəcə olaraq sülh arzusu ilə bağlı açıqlamalarında səmimi olduğunu göstərməlidir. Əks halda, Paşinyan üçün daha çətin olacaq”.
Günay Rəsulqızı