Qarabağdakı antiterror əməliyatı dünya mediasında – Nə yazdılar?
Qarabağda baş verən hadisələr dünya mətbuatında da gündəm olub.
Sfera.az bildirir ki, antiterror əməliyyatı media orqanlarında “ildırımsürətli hücum” kimi şərh edilib. Belə ki, “Politico” nəşri “Azərbaycan Qarabağda qələbəsini elan etdi” başlıqlı yazı dərc edib. ABŞ-nin “ABC News” telekanalı “35 ildir davam edən münaqişə, nəhayət, Azərbaycanın xeyrinə başa çatıb”, deyə qeyd edib.
Britaniyanın “Teleqraf” qəzeti isə “Azərbaycanın qələbəsi Ermənistanı Qərb müttəfiqlərinə yaxınlaşdırır” başlıqlı məqalə ilə çıxış edib. “Hərbi əməliyyatda Kremlin rolu ilə bağlı suallar hələ də qalmaqdadır. Lakin Rusiya sülhməramlılarının hərəkətsizliyi qisas kimi görünür”, deyə yazıda bildirilib.
“The Moscow Times” Kremlin “Paşinyan planı”ndan yazıb. Xəbərdə bu fikirlər yer alıb: “Rusiyanın müstəqil xəbər təşkilatları “Meduza” və “Vyorstka”nın adı çəkilməyən mənbələrə istinadən yaydığı məlumata görə, Kreml media və deputatlara Azərbaycanın mübahisəli Qarabağ bölgəsinə son hücumunda Ermənistanı günahlandırmağı tapşırıb. Son toqquşmalar başlamazdan əvvəl Moskva İrəvanın ABŞ qoşunları ilə birgə hərbi təlimlərinə görə qəzəblənib”.
Fransanın “AFP” xəbər agentliyi isə İrəvandakı etiraz aksiyaları barədə yazıb. Qeyd olunub ki, anti-terror əməliyyatından sonra hökumətə etiraz edən nümayişçilər polislə toqquşub. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər. Aksiyalar zamanı hökumət binası daşqalaq edilib, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Günay Rəsulqızı