Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa olunacaq? - Açıqlama
İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Nasir Kənani sentyabrın 18-də bildirib ki, Tehran Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin bərpa ediləcəyinə ümid edir.
O, bu xüsusda müsbət dinamika kimi İran və Azərbaycan XİN rəhbərləri Hüseyn Əmir Abdullahianla Ceyhun Bayramov arasında telefon danışığını qeyd edib.
Maraqlıdır, yaxın zamanlarda İranda səfirliyimizin bərpası real görünürmü? Səfirliyin yenidən açılması üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev istintaqın gedişatından asılı olaraq, addımların atıla biləcəyini qeyd edib:
"Səfirliyin yenidən açılması üçün istintaqın nəticələri bəlli olmalıdır. Yəni Tehranda baş verən terror aktı ilə əlaqədar məhkəmə keçirilməyib, nəticələr bəyan edilməyib. Ona görə də proqnoz vermək çətindir. Düzdür, istintaqın tamamlanması ilə bağlı xəbərlər var, lakin yekun qərar hələ də yoxdur".
BMTM sədri İran tərəfindən əlaqələrin yaxşılaşdırlması ilə bağlı müsbət siqnalların olduğunu deyib:
“Lakin ümumi vəziyyət Azərbaycan-Ermənistan, Ermənistan-İran əlaqələrindən asılıdır. Son günlər İran tərəfindən Zəngəzurla bağlı dolayısıyla verilən mesajlar, yəni onların geosiyasi dəyişiklikləri qəbul etməyəcəkləri ilə bağlı açıqlamalarının içərisində bir qədər hədə var. Ona görə İran tərəfindən Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqədar bundan sonra verilən hansısa mənfi reaksiya ikitərəfli münasibətlərin normallaşmasına zərbə olacaq".
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar.
Əzizə Zeynal