“Paşinyan Rusiya ilə eyni masada olmaq istəməz” – Dördtərəfli görüş mümkündür?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı Rusiya, Azərbaycan və Ermənistana liderlər səviyyəsində dördtərəfli görüş keçirməyi təklif edib.
“Bəli, prioritetlərimiz əvvəllər nəzərdə tutulduğu kimi, üçtərəfli formatda danışıqlar aparmaqdır. Amma biz dördtərəfli formatda görüş də təklif etdik - yəni mən, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında. Dedim, gəlin görüşək, atılması lazım olan addımları birlikdə müzakirə edək”.
Maraqlıdır, son baş verən hadisələr fonunda dördtərəfli görüşün keçirilməsi mümkündürmü?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ərdoğanın son təklifi kifayət qədər obyektiv yanaşmadır:
“Bu, regionda sülhə və təhlükəsizliyə xidmət edər. Amma Ermənistanın dördtərəfli görüşlə bağlı təklifi qəbul etməsi mümkün deyil. O, Rusiya ilə eyni masada olmaq istəməz. Azərbaycanın artıq Qarabağda tam qələbə əldə etməsi, separatçıların təslim olması Ermənistanın bu addımı atmasını şərtləndirir. Düşünürəm ki, yenə danışıqlar prosesi aparılmalıdır”.
Müsahibimiz bildirib ki, Ermənistan Baş nazirinin Rusiya prezidenti ilə görüşü də gözlənilir:
“Putinin də, Paşinyanın da bununla bağlı mövqeyi bəllidir. Gərək Ankara ciddi şəkildə prosesə başlasın. Fikrimcə, Qərb Ermənistana dördtərəfli formatda yer almasına icazə verməyəcək. Danışıqlar ola bilər, amma dördtərəfli formatın tam işə düşməsi reallığı əks etdirmir”.
Günay Rəsulqızı