Vaşinqtonun İran və Rusiyaya siyasi zərbəsi: Bu oyunda qurban Ermənistan oldu - ŞƏRH
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Danışıq çərçivəsində iranlı nazir Ermənistan və ABŞ-nin keçirdiyi hərbi təlimə diqqət çəkib, bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunun oradakı vəziyyəti daha da çətinləşdirəcəyini vurğulayıb.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ ilə birgə hərbi təlimlərin Ermənistanın digər müttəfiqlərini qıcıqlandırcağı gözlənilən idi:
“Rusiya artıq məsələyə münasibət bildirib. İran da təxminən eyni mövqeyi ortaya qoydu. Məsələ ondan ibarətdir ki, həm Moskva, həm də Tehran Vaşinqtonla rəqibdir. Hər üç dövlət Cənubi Qafqazdakı mövqelərini gücləndirmək üçün İrəvandan istifadə edirlər. Hərbi təlimlər əslində simvolik xarakter daşıyırdı. Reallıq bundan ibarətdir ki, Ermənistan ordusu ABŞ ilə birgə hərbi təlim keçirmək səviyyəsində deyil. Sadəcə olaraq, ABŞ yenə öz oyununu oynadı...Birgə təlimlərdə məqsəd əslində İrəvanı Tehran və Moskvadan uzaqlaşdırmaq idi. Görünür, Vaşinqton məqsədinə çatdı. Bundan sonra Rusiya və İran daha Ermənistana güvənə bilməyəcək”.
Müsahibimiz qeyd edib ki, gələcəkdə Rusiya və İranın Ermənistana münasibətinin daha da pisləşəcəyi gözlənilir:
“Bu isə öz növbəsində həmin dövlətlərin regiondakı mövqelərinin zəifləməsinə və bununla paralel olaraq ABŞ-nin regiondakı təsir dairəsinin güclənməsi ilə nəticələnə bilər. Vaşinqton ciddi oyun oynayır. ABŞ bundan sonra da müxtəlif şirnikləndirici metodlarla Ermənistanı öz tərəfinə çəkməyə çalışacaq. Əlbəttə, bütün bu proseslərdə Baş nazir Nikol Paşinyanın qərbyönümlü siyasətçi olduğunu da unutmamalıyıq. Daha dəqiq desək, o, məhz Qərbin layihəsidir. Hakimiyyətdə yenə Rusiyapərəst Robert Köçəryan, Serj Sarkisyan olsaydı, daha fərqli geosiyasi mənzərənin şahidi ola bilərdik. Beləliklə, regionda çox ciddi geosiyasi oyun gedir. Ermənistan isə bu oyunların qurbanıdır”.
Günay Rəsulqızı