“Ərdoğan Paşinyana ciddi xəbərdarlıq edəcək” - Deputatdan gözlənilən telefon danışığı ilə bağlı AÇIQLAMA
Ermənistan Baş nazirinin ofisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoqa keçmək istədiyini açıqlayıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Maraqlıdır, Türkiyə və Ermənistan arasında dialoq nə kimi nəticələr verə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Elman Nəsirov yaxın günlərdə Ərdoğanın Ermənistan rəhbərliyinə ciddi xəbərdarlıq edəcəyini deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşmanın olacağı da istisna hal deyil:
“Ermənistan hərbi-siyasi rəhbərliyinin son təxribatçı davranışları regionda onsuz da mürəkkəb olan vəziyyəti daha da ağırlaşdırıb. Bu ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı nikbin proqnozlar indi pessimizmlə əvəz olunub. Ermənistan həm diplomatik müstəvidə, həm də hərbi sferada intensiv təxribatçı davranış ortaya qoyur və proses o qədər gərginləşib ki, hətta yeni hərbi toqquşmanın olacağı da istisna deyil. Artıq beynəlxalq ekspertlər də bu kimi bədbin proqnozlar səsləndirirlər. Eyni zamanda, Böyük 20-lərin Hindistanda keçirilən son sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə yaranmış vəziyyətə toxunaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyini tənqid etdi. Türkiyə mətbuatının verdiyi məlumata görə isə bu günlərdə Ərdoğanın Paşinyanla telefon danışığının olacağı gözlənilir. Paşinyana çox ciddi xəbərdarlıq ediləcəyi də istisna deyil. Çünki hadisələr ən dramatik xətt üzrə inkişaf etməkdədir və proses geridönməz hal ala bilər. Yeni irimiqyaslı hərbi toqquşma labüd ola bilər ki, buna görə də bütün məsuliyyət Ermənistanın, onun siyasi-hərbi rəhbərliyinin və birbaşa Nikol Paşinyanın üzərinə düşəcək”.
Deputat Ermənistan Baş naziri Nikol Paşinyanın ötən əsrin 80-ci illərinin əval-ruhiyysində olduğunu deyib. Parlamentari Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin açılması məsələsindən də söz açıb:
“Bəli, bu reallıqlar fonunda Ermənistanın Türkiyə ilə siyasi dialoqa girməsi və iqtisadi əlaqələr, sərhədlər və digər məsələlərlə bağlı müəyyən nəticələr əldə edilməsi istiqamətində niyyətinin olduğu da diqqətdən yayınmır. Ancaq rəsmi Ankaranın bu məsələlərlə bağlı prinsipial, dəyişməz və qətiyyətli mövqeyi var ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırsın və buna paralel olaraq Ermənistanın Türkiyə ilə münasibətlərinə baxıla bilər. Təəssüf ki, Ermənistan Azərbaycanla şərti sərhəddə təxribatlarını intensivləşdirib, silah-sursat toplayır. Qarabağda qeyri-qanuni, qeyri-legitim prezident seçkiləri keçirilib. Sentyabr ayının ikisində isə qondarma rejimin növbəti ildönümü ilə bağlı Paşinyanın təbrik məktubu onun keçən əsrin 80-ci illərinin əhval-ruhiyyəsinə qayıtdığına işarədir. Belə olan vəziyyətdə hadisələr ən arzuolunmaz ssenari üzrə inkişaf edəcək edə bilər və buna görə bütün məsuliyyət Ermənistanın, onun hərbi-siyasi rəhbərliyinin, başda Fransa olmaqla, ona himayədarlıq edənlərin üzərinə düşəcək. Azərbaycan bu halda heç bir məsuliyyət daşımır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, biz sülh istəyirik. Biz müharibəni udmuşuq. Biz regionda uzunmüddətli və dayanıqlı sülhün formalaşmasını istəyirik, təhlükəsizlik mühitinin formalaşmasını istəyirik. Ancaq bu, təkcə bizim istəyimizlə baş vermir. Bunun üçün Ermənistan da eyni əqidədə, eyni istəkdə olmalıdır”.
Əzizə Zeynal