Telefon Paşinyanın əlindən niyə düşmür? – “Hamıya zəng edir, məqsədi...”

Telefon Paşinyanın əlindən niyə düşmür? – “Hamıya zəng edir, məqsədi...”

Son günlər Ermənistanın sülhdən yayınma cəhdləri, Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində separatçıların törətdikləri davamlı təxribatlar şərti sərhəddə gərginliyi yenidən artırıb.

 

Erməni tərəfinin Xankəndi-Laçın yolu ilə bağlı status-kvonun dəyişməsi mövzusunu gündəmə gətirməsi Azərbaycanı cavab tədbirləri görməyə vadar edir. Vəziyyətin ciddiləşdiyi bu həssas dövrdə isə Ermənistanın Baş naziri Nikol Paşinyan müxtəlif dövlət başçılarına telefon zəngləri etməyə başlayıb.

 

Maraqlıdır, sosial şəbəkələrdə zarafat mövzusuna çevrilən bu zənglərin əsas məqsədi nədir?

 

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Sfera.az-a açılamasında xatırladıb ki, Paşinyanın bu davranışı 44 günlük Vətən müharibəsi dövründə də gülüş obyektinə çevrilmişdi:

 

“Paşinyan 44 günlük Vətən müharibəsi dövründə də bu taktikadan istifadə edirdi. Davamlı olaraq Fransa, ABŞ və Avropa İttifaqı ölkələrinin rəhbərlərinə və rəsmi şəxslərinə zəng edirdi. Birindən cavab ala bilməyəndə isə başqalarına yönəlirdi. Hətta o vaxt, prezident İlham Əliyev də Paşinyana belə bir replika ilə müraciət etmişdi ki, niyə zəng edərək dünya prezidentlərinin zəhləsini tökürsən? Daha sonra ironik tərzdə məsləhət vermişdi ki, şamanlara da zəng etsin. Paşinyanın bu kimi davranışları elə o vaxtdan məzə mövzusuna çevrilmişdi.

 

Bu taktikanın əsas məqsədlərindən biri odur ki, ölkənin daxilində Paşinyanın dövlət lideri kimi əlindən gələni etdiyi düşünülsün, guya Azərbaycana qarşı beynəlxalq səviyyədə iş aparır. Digər tərəfdən əsas məqsəd Azərbaycana qarşı öz cəbhəsini formalaşdırmaq və genişlətməkdir”.

 

Ekspert sözlərinə belə davam edib:

 

“Cavabsız  qalan suallardan biri də odur ki, Paşinyan həqiqətən çıxılmaz vəziyyətdədirsə, niyə anlaşmaya gəlmir? Deməli, məqəsdi başqadır. O, dünyada göstərməyə çalışır ki, guya Ermənistan sülh tərəfdarıdır və diplomatik səylərlə buna çalışır. Fakt budur ki, Ermənistan Azərbaycanın qarşı ərazi iddiasından əl çəkdiyini bəyan etsə, “Qarabağ Azərbaycanın ərazisidir” desə də, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılmasına çağırışlar edir. Vaxtilə ərazi münaqişəsi kimi dəyərləndirilən Qarabağ məsələsini indi etnik-hüquqi münaqişəyə çevirməyə çalışır. Konkret hədəf budur”.

 

A.Nərimanlı Paşinyanın bu taktikasının nəticəsiz qalacağını qeyd edib:

 

“Bu yaxınlarda Paşinyanın təcili şəkildə prezident İlham Əliyevlə danışmaq istədiyi haqda xəbər yayıldı. Amma növbəti danışıqlar təşkil edilərsə, yenə eyni mövzular gündəmə gələcək. O, sadəcə vəziyyəti gərginləşdirir, bu cür danışıqlarla özünü sülhpərvər göstərməyə çalışır. İndi Bakı danışıqlardan imtina edərsə, dünyaya səs salacaqlar ki, Azərbaycan sülh prosesini tormozlayır. Yox, Azərbaycan danışıqlara gedərsə, o zaman da yuxarıda qeyd olunan tələblərini yenidən müzakirəyə çıxarmağa çalışacaqlar. Amma 44 günlük Vətən müharibəsi dövründə alınmayan bu manevrləri bu dəfə də iflasa uğrayacaq”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR