Ermənistanın sərhədə yığdığı “Osa” nəyə yarayır, hansı müharibələrdə istifadə olunub? - ARAŞDIRMA

Ermənistanın sərhədə yığdığı “Osa” nəyə yarayır, hansı müharibələrdə istifadə olunub? - ARAŞDIRMA

Son günlər Ermənistan Azərbaycanla şərti sərhədin yaxınlığına çoxlu sayda ağır hərbi texnika, o cümlədən hava hücumundan müdafiə (HHM) sistemləri cəmləşdirir. 


Sfera.az sosial şəbəkələrdə yayılan foto və video materiallara istinadən xəbər verir ki, sərhədə yaxın ərazilərə gətirilən HHM sistemləri əsasən “Osa” özüyeriyən zenit raket kompleksləridir. 


Ermənistan ordusunda nə qədər “Osa” komleksinin olduğu bəlli deyil. Yalnız 2020-ci ildə açıqlanan məlumatlarda Ermənistanın İordaniyadan əlavə 35 ədəd “Osa” aldığı bildirilirdi. 


İkinci Qarabağ müharibəsi zamanı Ermənistan çoxlu sayda “Osa” kompleksini itirib. Məhv edilən və ələ keçirilən “Osa”ların ümumi sayı 40-a yaxındır.  


İkinci Qarabağ müharibəsində bu komplekslərin Azərbaycanın istifadə etdiyi “Bayraktar TB2” və İsraildən aldığı kamikadze dronlarına qarşı səmərəsiz fəaliyyət göstərdiyi üzə çıxıb. Sözügedən pilotsuz uçuş aparatları müasir texnoloji vasitələrlə təchiz edildiyindən “Osa” kompleksləri onlara ciddi maneələr yarada bilməyib. 


Bu komplekslər texnoloji baxımdan köhnədir. Onlar 1970-ci ildən 1988-ci ilə qədər istehsal olunub və sahib olduğu texnoloji imkanlar həmin dövrün tələblərinə uyğundur. 


“Osa”lar indiyə qədər Rusiyadan başqa, Belarus, Ukrayna və Çində də istehsal edilib. Ümumi istehsal sayının 1200 ədəd olduğu bildirilir. 


Kompleks 1 500 – 10 000 maili yüksəklikdə uçan qanadlı raketləri və təyyarələri vurmaq üçün nəzərdə tutulub. 


Texnikanın üzərində quraşdırılan vasitələrdən bir hədəfə doğru 2 raket buraxmaq imkanı var. Kompleks vasitəsilə yerdən 50-5000 metr yüksəklikdə uçan hədəfləri aşkarlamaq və izləmək mümkündür. 


İndiyə qədər bir neçə hərbi toqquşmada və müharibədə “Osa”dan istifadə edilib. İlk dəfə 1980-ci ildə Livanda Suriya ordusu İsrail ordusuna qarşı istifadə edib. Həmin döyüşlərdə İsrail 4 ədəd “Osa”nı məhv edib. 


1981-ci ildə Qərbi Saharada qurulan silahlı rejim tərəfindən Marakeş ordusuna qarşı istifadə edilib və 2 ədəd hərbi təyyarə vurulub. 1987-1988-ci illərdə Anqolada “Osa”lardan atılan raketlə bir təyyarə məhv edilib. 


Bu hərbi qarşıdurmalardan başqa İran-İraq, ABŞ-İraq, Rusiya-Gürcüstan, I və II Qarabağ, Suriya vətəndaş müharibəsi və Rusiya-Ukrayna müharibəsi zamanı istifadə edilib.  


Azərbaycan ordusunda da “Osa” kompleksləri var. Ordumuzda olan komplekslərin sayı Ermənistanda olan saydan xeyli çoxdur.  


Vasif


OXŞAR XƏBƏRLƏR