“Qarabağda növbəti müharibə qaçılmazdır” – Ekspertdən ŞOK AÇIQLAMA
Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb ki, Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər. Qeyd edək ki, rəsmi İrəvan Azərbaycanla şərti sərhəddə hərbi korpusları da gücləndirir.
Proseslərin hansı şəkildə irəliləyəcəyi, yeni ciddi təxribatların olması isə suallar doğurur.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli son hadisələrin fonunda yeni müharibənin qaçılmaz olduğunu deyib. Müsahibimizin sözlərinə görə, Ermənistan bu müharibədə dəstəklə bağlı vəd də alıb:
“Baxın, Ermənistanın hədəfi nədir? Onların niyyəti Qarabağ ermənilərinin separatçı qurumunu xilas eləməkdir və gördük ki, humanitar yardım şousu üzərində Azərbaycanın adekvat hərəkətinə hansı gedişilə cavab verdilər. Onlar dərhal Ermənistan-Azərbaycan sərhədində qarşıdurma başlatdılar. Bütövlükdə Ermənistanda belə düşünürlər ki, ikinci bir erməni dövləti sıradan çıxmaq üzrədir və bu, onların siyasi genetikasında o düşüncəni doğurur ki, erməni dövlətçiliyi təhlükə qarşısındadır. Təəssüf ki, “dənizdən-dənizə böyük Ermənistan”, “Qriqoryan kilsəsi” baxışlarının hamısının hədəfləri eynidir ki, erməni dövlətçiliyi məhv olur. Ona görə də onlar üçün bütün vasitələr keçərlidir. Azərbaycanla müharibə üçün Qərbdəki erməni lobbisinin dəstəyini nəzərə alsaq, belə görünür ki, növbəti Azərbaycan-Ermənistan müharibəsi qaçılmazdır. Hətta biz bura İran, Hindistan, Fransa kimi digər aktyorları da əlavə etsək, o zaman mənzərə tam aydındır ki, son partiya silahların verilməsindən sonra Ermənistan özünü revanş üçün tam şəkildə hazır hesab edir və ona da beynəlxalq hüquqi təminat verən ölkələr var. Yəni məsələn, Amerika Birləşmiş Ştatları kimi ölkələr Ermənistana bildirir ki, narahat olmasınlar, bu savaş başlasın, onları hər formada dəstəkləyəcəklər. Ona görə də Ermənistan artıq Azərbaycanla toqquşmanı qaçılmaz hesab edir və buna çox təəssüf ki, fürsət kimi baxmaqdadır”.
Ekspert Ermənistanın yeni müharibədə qarşısına qoyduğu məqsədlərdən də danışıb:
“Biz bu sentyabr ab-havasını daha öncə yaşamışıq. Hər iki tərəfin ordularının həssas bir vəziyyətə gətirilməsi və sanki fırtınadan öncəki sakitliyin olması notlarını duyuruq. Təəssüf ki, ciddi bir erməni təxribatı ilə qarşıdurma, müharibə ilə üzbəüzük və bu onlardan gözlənilən ənənəvi taktikadır. Potensial müharibənin nəticələrindən asılı olmayaraq, Ermənistan bu müharibə ilə hədəfləyir ki, Azərbaycanla sərhədi Rusiya təsirində Ermənistan Müdafiə Nazirliyi yox, sərhəd qoşunları qorusun. Ermənistan məğlub olacağı təqdirdə (əsasən pronoz bu istiqamətdədir) bölgəyə dərhal fransız qoşunları (Avropa Birliyinin çətiri altında) yeridilsin, bir də eyni qaydada Cənubi Ermənistana İran ordusu daxil olsun. Hər iki ölkə bölgədə Rusiya, Azərbaycan və Türkiyəyə düşməndir”.
Əzizə Zeynal