“Fransa Türkiyə və Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmağa çalışır” - Politoloq
“Fransa Prezidentinin Ermənistana və regiona səfər edəcəyi barədə məlumatların yayılması bölgədə baş verən siyasi-hərbi böhranla əlaqəlidir”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Müsahibimiz Ermənistanın Azərbaycana qarşı siyasi-hərbi ritorikasının dəyişdiyini vurğulayıb:
“Konkret olaraq ermənilərin təxribatlara hazırlaşması, ölkəmizin ərazi bütövlüyünü qəbul etməməsi, Laçın yolu, “humanitar şou” ilə bağlı manipulyasilar etməsi regionda təhlükəsizliyi təhdid edən əsas faktordur. Fransa da bu konteksdə Ermənistana hərbi-siyasi dəstək verir. Bu ölkə Cənubi Qafqazda Ermənistan vasitəsilə mövqeyini gücləndirməyə çalışır və prezident səviyyəsində Azərbaycana qarşı sərt mövqe nümayiş etdirir. Əlbəttə, biz də Ermənistana qarşı adekvat addımlar atmaq məcburiyyətindəyik. Görünür, Makron Cənubi Qafqazda möhkəmlənmək və Ermənistanı qorumaq siyasətini işə salıb”.
Politoloq qeyd edib ki, Makron öz siyasətində düzəlişlərə getməsə, iki ölkə arasında ədalətli mövqe tutmasa, səfər mümkün olduğu halda belə, danışıqlar müsbət nəticə verməyəcək:
“Fransa Ermənistana müəyyən silahlar ötürərək onu hərbi müdaxiləyə sövq edir. O cümlədən, Cənubi Qafqaz regionunda Türkiyə və Rusiyanı sıxışdırmağa çalışır. Bu isə mümkün olmayacaq. Çünki Fransanın indiyə kimi izlədiyi siyasət fiaskoya uğrayıb. Ümumilikdə isə qeyd etmək lazımdır ki, Emmanuel Makron indiyə kimi Azərbaycana səfər etməyib. Amma indiki böhran vəziyyətində onun ölkəmizə səfəri mümkün ola bilər”.
Xatırladaq ki, dünən Fransa Prezidentinin Ermənistana və regiona səfər edəcəyi barədə məlumatlar yayılmışdı. Səfərin sentyabrın 9-10-a planlaşdırıldığı, hətta Fransa liderinin İrəvandan sonra Bakıya səfər edəcəyi də vurğulanmışdı.
Günay Rəsulqızı