“Taxıl sazişi” bərpa olunacaq?: “Ərdoğan prosesə şəxsən nəzarət edir”
Rusiya KİV-i diplomatik mənbələrə istinadən bildirib ki, İstanbulda Türkiyə, BMT və Rusiya nümayəndələrinin iştirakı ilə “Taxıl sazişi” çərçivəsində görüş keçirilə bilər. Görüşün dəqiq tarixi açıqlanmayıb.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Türkiyə “Taxıl sazişi”nin bərpasında maraqlıdır və bunun bir neçə səbəbi var:
“Birincisi, Ankara bunu bacarmaqla dünyanı aclıq təhlükəsindən xilas edə bilər. Bu isə Türkiyənin və şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın dünyadakı nüfuzuna daha müsbət təsir edəcək. İkincisi, Türkiyə müharibənin bitməsini istəyir. “Taxıl sazişi” Rusiya ilə Ukraynanın ortaq maraq dairəsi ola bilər.
Beləliklə, razılığın bərpası həm də ehtimal edilən sülh üçün pəncərə rolunu oynaya bilər. Üçüncüsü, Türkiyə bu yolla proseslərdəki təsir gücünü qoruya bilər. Hazırda “Taxıl sazişi”nin bərpası istiqamətində müxtəlif səviyyələrdə təmaslar davam edir. Ərdoğan prosesə şəxsən nəzarət edir”.
Ekspert bildirib ki, İstanbulda üçtərəfli görüşün keçirilməsi praktiki cəhətdən mümkündür:
“Bu müzakirələr, yəqin ki, Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşündən sonra olacaq. Çox güman, İstanbulda keçirilməsi nəzərdə tutulan görüşdən əvvəl liderlər bəzi detallar barədə razılıq əldə etməyə çalışacaqlar. İstanbulda üçtərəfli görüş olacaqsa, Türkiyə mütləq Ukrayna ilə də koordinasiyalı davranacaq. Bu mənada ehtimal edilən görüşdən əvvəl Ərdoğanın ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışması mümkündür. Ehtimal etmək olar ki, Türkiyə “Taxıl sazişi”nin bərpasına nail olacaq. Beləliklə, Ərdoğan dünyanı qlobal aclıq təhlükəsindən xilas edə bilər”.
Günay Rəsulqızı