BMT bu gün Azərbaycan əleyhinə qərar qəbul edəcək? - Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı vəziyyətin müzakirəsi məqsədilə iclas keçirəcək. İclas Ermənistan tərəfinin müraciəti ilə təşkil edilib.
İclasda Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edəcəklər.
Maraqlıdır, müzakirələrin nəticəsi hansı şəkildə ola bilər? BMT-nin yekun qərarında Ermənistana tərəfkeşlik öz əksini tapa bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov BMT-nin Azərbaycan əleyhinə qərar qəbul etməyəcəyini deyib.
Ekspert beynəlxalq hüquq normalarının təşkilat tərəfindən üstün tutulmalı olduğunu vurğulayıb:
“Ermənistan BMT-də bu məsələnin müzakirəsini hazırda öz uğuru kimi təqdim edir və BMT tərəfindən onların xeyirlərinə olacaq qərarların qəbul ediləcəyinə ümid edir. Düşünürəm ki, BMT Azərbaycanın əleyhinə hər hansı bir qərar qəbul etməməlidir. Çünki Azərbaycan Qarabağda fəaliyyəti zamanı heç bir qanun pozuntusuna yol verməyib və beynəlxalq hüquq normalarını əsas tutub. Beynəlxalq hüquq normalarında da sözügedən ərazi Azərbaycan torpağıdır və Azərbaycan torpağına gediş-gəliş, ermənilər tərəfindən orada aparılan müəyyən işlər Azərbaycanla razılaşdırılmalıdır. Sadəcə olaraq erməni tərəfi dünya ictimaiyyətinə burada olan vəziyyəti Azərbaycanın onların Qarabağa köçməyə icazə verməməsi kimi təqdim edir. Əslində, Azərbaycan Ermənistandan beynəlxalq hüququn prinsiplərinə riayət etməyi tələb edir. Eyni zamanda Azərbaycan ərazi bütövlüyünü qorumağı tələb edir. Buna görə də düşünürəm ki, BMT-də Azərbaycana qarşı hər hansı bir qərar, qətnamə, sərəncam, yaxud bəyanat qəbul edilməyəcək”.
Politoloq BMT-nin alternativ yollardan istifadə ilə bağlı müraciət qəbul edə biləcəyini qeyd edib:
“Azərbaycan tərəfi bu vəziyyətlə əlaqədar reallığın necə olduğunu, ermənilərin BMT-yə nə üçün müraciət etdiyini və onların Azərbaycanın təklif etdiyi alternativ yollardan istifadə etmədiyini açıq göstərə biləcək. Nəticədə BMT Azərbaycan və Ermənistan tərəfini bu məsələni birlikdə həll etməyə çağıracaq. Beləliklə Laçınla bərabər, alternativ yollardan istifadə edilməsi barədə müəyyən müraciət qəbul ediləcək. Düşünürəm ki, regionda olan status-kvonu dəyişmək üçün BMT heç bir qayda-qanun, təlimat qəbul etməyə qalxmayacaq”.
Qeyd edək ki, iclas ABŞ-nin BMT-dəki daimi nümayəndəliyinin saytında dərc olunan müvafiq bildirişə əsasən, yerli vaxtla saat 15:00-da keçiriləcək.
Əzizə Zeynal