"Xaricdə tanınan jurnalistlərimiz azdır, maliyyə problemləri də buna mane olur" - Politoloqdan AÇIQLAMA
Son zamanlar Laçın nəzarət-buraxılış məntəqəsi (NBM) ətrafında yaranan gərgin vəziyyətdən sonra erməni lobbisi xüsusilə aktivləşib. Belə ki, müxtəlif ölkələrdə erməni fəalları, təşkilatları Qarabağ həqiqətlərini təhrif olunmuş formada çatdıraraq, NBM istiqamətində Azərbaycanın beynəlxalq hüquqa, qaydalara zidd davranış sərgilədiyi yalanını ictimaiyyətə sırımaq istəyir.
Bəs maraqlıdır, bu cür təxribat xarakterli şouların qarşısının alınması üçün tərəfimizdən hansı adımlar atılmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu, politoloq Zərdüşt Əlizadə siyasət, eləcə də media nümayəndələrinin informasiya savaşında aktiv olmalı olduğunu deyib:
“Azərbaycan diaspor təşkilatları, o cümlədən səfirlərimiz öz vətənlərinin, dövlətlərinin mənafelərini müdafiə etməlidir. Bu sahədə işlər görülür, amma kifayət qədər deyil. Bəzi diplomatların sərbəstlik dərəcələri yüksək deyil. Bundan başqa bizim Azərbaycandan kənarda tanınan jurnalistlərimiz də yetərli sayda deyil. Buna görə də informasiya savaşında uduzuruq. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa tam cavab verdiyinə görə erməni tərəfi informasiya hay-küyündən başqa nə isə əldə edə bilmir, ortada heç bir böyük nəticə yoxdur.
Müxtəlif dövlətlərin bəyanatlarına gəlincə, onlar da Azərbaycan tərəfindən Qarabağın mühasirəyə alınmadığı ilə bağlı cavab alırlar. Humanitar yüklər rahatlıqla NBM-dən keçən bilər. Sadəcə olaraq erməni tərəfinin Azərbaycan dövlətini tanımaması siyasətinə son qoyulması tələb edilir”.
Politoloq maliyyə problemlərinin olmasının təbliğat məsələsinə mane olduğunu qeyd edib:
“Qarabağ reallıqlarının, Azərbaycan həqiqətlərinin çatdırılması üçün bütün yollardan istifadə etmək lazımdır. Bu məsələ müxtəlif ölkələrdə yaşayan soydaşlarımız tərəfindən həm etiraz aksiyaları çərçivəsində, həm də informasiya cəbhəsində reallaşa bilər. Bu gün mediamızın maddi və s. problemlərinin olması xaricdə təbliğat məsələsində bizi bir qədər geriyə atır. Eyni zamanda ictimai-siyasi təşkilatlarımızın da səsi dünyada eşidilmir. Bunun kökündə daha çox maliyyə problemləri durur”.
Əzizə Zeynal






