Paşinyan dünən Putindən nə xahiş edib? – Telefon danışığının səbəbləri

Paşinyan dünən Putindən nə xahiş edib? – Telefon danışığının səbəbləri

Ötən gün Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Bildirilib ki, Putin Paşinyanla Qarabağ və Laçın yolu ətrafındakı vəziyyəti müzakirə edib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyanın narahatlığı bölgədə gərginliyin artması ilə bağlıdır:

 

“O, Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaya biləcəyindən narahatdır. Nikolun Putinə zəngi xəbərçilik anlamı daşıyır. Halbuki, Putinə bölgədəki vəziyyət barədə hər gün kəşfiyyat məlumatları çatdırılır və onun Paşinyanın məlumatlarına ehtiyacı yoxdur. Qarabağ separatçıları əvvəlki kimi Rusiya hərbi kontingentinin müşayiəti ilə bir məntəqədən o birisinə silah daşımaqda davam edirlər. Bu təxribatın sadə səbəbi var. Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa, hərbi texnikaları havadan vurulacaq. Erməni separatçılarını müşayiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetirir”.

 

Siyasi şərhçi Asif Nərimanlı mövzu ilə bağlı qeyd edib ki, ermənilərin Putindən əsas istəkləri Bakının mümkün əməliyyatının qarşısını almaq və Laçın postunun açılmasına nail olmaqdır:

 

“Paşinyanın zəngində toxunduğu əsas məsələlər də bunlardır. Lakin Moskvanın Bakının qarşısını almayacağı, yaxud mövcud şərtlərdə buna nail ola bilməyəcəyi aydın görünür. Laçına postun qurulması və sonrakı dövrdə baş verənlər də bunu deməyə əsas verir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR