“Vaqner” muzdluları Belarusa toplanır: Ukraynaya növbəti hücum ola bilər

“Vaqner” muzdluları Belarusa toplanır: Ukraynaya növbəti hücum ola bilər

Qərb siyasi dairələrinin fikrincə, Belarus və onun Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin hər çağırışına qulaq asan diktatordan başqa, indi yeni bir statusada  “yiyələnib”. Bu ölkə və onun rəhbəri Rusiyanın həm nüvə arsenalı, həm də “Vaqner” muzdluları üçün yeni məntəqəyə çevrilib. 


Sfera.az “The Telegraph” nəşrində bununla bağlı dərc edilən bir məqaləyə istinadən xəbər verir ki, hazırda Lukaşenko özünü Rusiyanı şiddətli vətəndaş müharibəsindən “xilas edən” adam kimi görür. Nəşr yazır ki, bu “özfəaliyyət”in nəticələri NATO-nun təhlükəsizliyi üçün əlverişsiz vəziyyət yarada bilər. 
“The Telegraph” iddia edir ki, əslində Lukaşenkonun bu cür davranışları onun təşəbbüsü deyil, bütün ideyalar Moskvada yaranaraq həyata keçirilir. 
 


Nəşr bu baxımdan Priqojinin Belarusa gəlişini da qonşu NATO ölkələri olan Polşa, Litva və Latviya üçün potensial təhlükəsizlik problemləri yaratdığını vurğulayıb:

 

“Priqojinin “qiyamını” dəstəklədiyini iddia etdiyi 25 000 “Vaqner” muzdlusundan neçəsinin Belarusa getdiyi hələlik məlum deyil. Lukaşenko  ölkəsinə gələn vaqnerçilərə onların istifadəsi üçün tərk edilmiş hərbi baza təklif edib. 

 

İlkin təhlükə ondan ibarətdir ki, Rusiya yenidən Kiyevə hücum planı üzərində işləyə bilər və bu planda Belarusa “qaçan” “Vaqner”ə də yer verə bilər. Ukraynaya ilk hücum zamanı da “Vaqner” qüvvələri Belarusiya ərazisindən istifadə edərək Kiyevə yaxınlaşmışdı. Yenidən oxşar planın həyata keçirilməsi mümkündür. 
NATO-nun nöqteyi-nəzərincə “Vaqner”in qalıqları Belarusiya ordusuna inteqrasiya olunsa və döyüş qabiliyyətini artırsa, bu, daha narahatedici nəticə olacaq. Bu ehtimal artıq bir neçə NATO liderini narahat edib. Litva prezidenti Gitanas Nauseda xəbərdarlıq edib ki, “Vaqner” əsgərlərinin Belarusda fəaliyyət göstərməsinə icazə verilərsə, qonşu ölkələr daha da böyük qeyri-sabitlik təhlükəsi ilə üzləşə bilər. Bu arada NATO baş katibi Yens Stoltenberq bildirib ki, alyans özünü Moskva və ya Minskdən gələn istənilən təhlükədən müdafiə etməyə hazırdır və NATO liderlərinin gələn həftə Vilnüsdə keçiriləcək görüşündə müdafiəni gücləndirməyə razılaşacaq, Belarusla həmsərhəd dövlətlərə diqqət yetiriləcək”. 

 

“The Telegraph” yazır ki, “Vaqner” muzdluları ilə bağlı davranışdan sonra NATO artıq Belarusun Rusiyanın oyuncaq dövləti olduğu reallığını qəbul edir: “Belarusun indi Şərqi Avropa və Baltikyanı ölkələri təhdid etmək potensialı var”.

 


Vasif


OXŞAR XƏBƏRLƏR