Priqojinin "qlobal imperiyası" nəzarətə götürülür - “Vaqner”in strukturu dəyişəcək 

Priqojinin

Rusiya dövləti xaricdə fəaliyyət göstərən “Vaqner” bölmələri də daxil olmaqla Yevgeni Priqojinin "qlobal imperiyası"nı tam nəzarətə götürməyi planlaşdırır.

 

Sfera.az xəbər verir ki, bununla bağlı ABŞ-nin “The Wall Street Journal” nəşri yazıb.

 

İyunun 24-də “Vaqner” üzvlərinin iştirakı ilə baş verən hadisəni Rusiya prezidenti Vladimir Putin silahlı üsyan adlandırmışdı. Üsyanın dayandırılmasından sonra Priqojin üçün həm daxildə, həm də xaricdə yaradılan imkanlar əlindən alınaraq dövlətin birbaşa nəzarətinə keçirilir. ABŞ qəzeti yazır ki, Rusiyanın cənubunda baş verən hadisələrdən sonra Moskvadan Afrika və Yaxın Şərqdəki tərəfdaş ölkələrə diplomatlar göndərilib. Diplomatlar “Vaqner” qruplaşmasının mövcud olduğu dövlətləri inandırmaq istəyir ki, vaqnerçilər tam nəzarətdədir və onlara yeni şəxslər rəhbərlik edəcək.

 

Nəşrin məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Dəməşqə gedərək Suriya prezidenti Bəşər Əsədlə görüşüb və ona “Vaqner” qruplarının bundan sonra müstəqil fəaliyyət göstərməyəcəyi mesajını çatdırıb.

 

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir müavini Sergey Verşin iyunun 26-27-də Suriyaya səfər edib və prezident Əsədlə də görüşüb. Nazirliyin məlumatında söhbət zamanı “Vaqner”in bu ölkədəki fəaliyyəti ilə bağlı məsələnin qaldırıldığı qeyd edilmir. Qəzet yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurları Mərkəzi Afrika Respublikasının prezidenti Faustin-Arçange Tuaderayaya zəng ediblər. Tuaderayanın mühafizəçiləri arasında “Vaqner” döyüşçüləri də var. Zəng zamanı vaqnerçilərin fəlaiyyətinin nəzarətə götürülməsinə və birbaşa dövlətin tapşırığı ilə hərəkət etdiklərinə dair məlumat verilib. Mərkəzi Afrika Respublikası Prezidentinin müşaviri Fidel Quandjika daha əvvəl bildirmişdi ki, respublikanın hakimiyyət orqanları “Vaqner”in əvəzinə Rusiyanın göndərmək istədiyi istənilən qüvvəni qəbul edəcək. Qəzetin əldə etdiyi məlumata əsasən, təxminən 6 000 “Vaqner” üzvü Mərkəzi Afrika Respublikasında və Suriyada fəaliyyət göstərir. Onlar Afrikada dövlət adamlarının, Suriyada neft quyularının və hökumətin nəzarətində olan ərazilərin mühafizəsini həyata keçirir.

 

Məsələ ilə yaxından tanış olan iki nəfərin “The Wall Street Journal” a verdiyi məlumata görə, iyunun 27-də Suriyada fəaliyyət göstərən “Vaqner” döyüşçülərinə Rusiyanın Latakiyadakı hərbi hava bazasına gəlmək əmri verilib və onlar bu əmrə tabe olublar. Səudiyyə Ərəbistanının “Əl-Hədas” telekanalı isə xəbər verir ki, iyunun 27-də Rusiya hərbi polisi Suriyanın Əs-Suveydadakı “Vaqner” bölməsinin komandirini, habelə üç yüksək rütbəli komandiri saxlayıb. “Vaqner” qruplaşması Malidə də fəaliyyət göstərir. Mali hakimiyyəti ümid edir ki, vaqnerçilər BMT missiyası başa çatdıqdan sonra yaranan boşluğu dolduracaqlar. BMT missiyası bu ilin iyunun 30-da başa çatacaq. Malidə 13 min nəfərlik missiyanın geri çəkilməsi üçün ən azı 6 ay vaxt lazım gələcək. İyunun ortalarında Mali hakimiyyəti BMT kontingentinin gecikmədən ölkədən çıxarılmasını tələb edib. Qeyd edək ki, Rusiya dövlətinin “Vaqner” haqqında hansı qərarı qəbul edəcəyi bəlli deyil. Lakin bu silahlı qruplaşmanın baş verən üsyandan sonra daxili strukturu, sayı, təhlükəsizliyi və tabeçiliyi dəyişəcəyi bəllidir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR