\"Putin Şoyqunu vəzifədən kənarlaşdıra bilməz, çünki... \" - ŞƏRH

\

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun istefaya göndəriləcəyini iddia edib. Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin arasında razılaşma birmənalı olaraq Müdafiə Nazirliyinə təsir edəcək. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Şoyqunun istefaya göndərilməsi ağlabatan deyil:

 

“Ən azından yaxın gələcək üçün bunun bir sıra səbəbləri var. Birincisi, Şoyqu uzun illərdir Vladimir Putinin komandasında xidmət edir. Onların həm də yaxın dostluq əlaqələri var. Odur ki, Kreml rəhbəri asanlıqda Şoyqunu gözdən çıxarmaz. İkincisi, adətən müharibə davam etdiyi vaxtlarda hərbi elitada dəyişiklik edilmir. Üçüncüsü, ehtimal edilən kadr dəyişikliyi riskli qərardır. Bu, Putin üçün daha ciddi problemlərə səbəb ola bilər. Çünki hərbçilərin çevriliş cəhdi ehtimalı yaranar”.

 


Ekspert qeyd edib ki, Putin ehtimal edilən problemlərdən özünü sığortalamaq üçün müdafiə nazirini “incik salmamalıdır”:

 

“Bunun üçün ona hansısa daha yuxarı bir vəzifə təklif edilə bilər. Hərçənd belə ehtimal da ağlabatan görünmür. Doğrudur, Putin Priqojini tamamilə “səhnədən salana” kimi onun da “könlünü xoş etmək” barədə düşünə bilər. Bu mənada Müdafiə Nazirliyində müəyyən islahatların aparılması mümkündür. Lakin düşünürəm ki, Şoyqu ilə yanaşı, Gerasimov da vəzifəsində qalacaq və ehtimal edilən dəyişikliklər ancaq “gözdən pərdə asmaq” olacaq”.


Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR