“Vaşinqtonun bu addımı Ukrayna savaşında vəziyyəti dəyişəcək” - ŞƏRH

“Vaşinqtonun bu addımı Ukrayna savaşında vəziyyəti dəyişəcək” - ŞƏRH

Rusiya ordusu Donetsk vilayətinin Baxmut şəhərində təşəbbüsü itirir. Hətta Rusiya Müdafiə Nazirliyi də Ukraynanın buradakı uğurlarını təsdiqləyib. “Ukrayna ordusu xüsusilə şəhərində Boqdanovka və İvanovski rayonları istiqamətində irəliləyir”, deyə qeyd olunub. Qərb analitiklərinin fikrincə isə, Ukraynanın əks-hücumları məhdud olsa da, qarşı tərəfin hücum əməliyyatlarının qarşısını alır və onları müdafiə mövqeyinə çəkilməyə məcbur edir. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ukrayna əks-hücum əməliyyatlarına Baxmutdan başlayıb və şəhərdə davam edən uğurlar məhz bu kontekstdən qiymətləndirilməlidir:


 
“İkinci bir tərəfdən, Rusiya Müdafiə Nazirliyi “Vaqner” muzdlu hərbi təşkilatı arasındakı gərginlik də döyüş meydanındakı vəziyyətə birbaşa təsir edir. Silah-sursat çatışmazlığından əziyyət çəkən “Vaqner”, görünür, Müdafiə Nazirliyindən intiqam almaq qərarına gəlib. Tərəflər arasında gərginlik, yəqin ki, artan templə davam edəcək. “Buzların əriyəcəyini” düşünmürəm”.

 

Ekspert qeyd olunan faktların Ukrayna ordusunun işini asanlaşdıracağını vurğulayıb:


 
“Çox güman, qarşıdakı vaxtlarda Ukrayna Baxmutda daha da irəliləyəcək. Amma bu uğurların davamlılığını təmin etməkdən ötrü Qərb dövlətlərinin, o cümlədən ABŞ-nin Ukraynaya lazımi səviyyədə hərbi dəstəyi şərtdir. Əks halda, bir müddətdən sonra yenidən vəziyyət dəyişə bilər”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR