Prokuror Vladimir Putinə əlavə ittihamlar irəli sürə bilər

Prokuror Vladimir Putinə əlavə ittihamlar irəli sürə bilər

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Rusiya Prezidenti Vladimir Putinə və ya onun yüksək vəzifəli şəxslərinə Ukraynada hərbi cinayətlərə görə əlavə ittihamların irəli sürülməsini istisna etməyib. 

   
Sfera.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Böyük Britaniyanın nümayəndəsi Kərim Xandır (Kərim Əsəd Əhməd Xan). 


Kərim Xan bu açıqlamanı Kanadaya rəsmi səfəri zamanı “The West Block”da yayımlanan müsahibəsində deyib.

 

O bildirib ki, Putin Ukraynanın işğalı zamanı törətdiyi hərbi cinayətlərə görə cavabdehlik daşıyır. Onun sözlərinə görə Putinin mühakimə edilməsi üçün məhkəməyə beynəlxalq dəstək gücləndirilməlidir. 


Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinlə bərabər Rusiya Uşaq Hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın da həbsinə order verib. Mariya Lvova-Belova ukraynalı uşaqların Rusiyaya məcburi deportasiyasına imkan yaradıb. 


Kərim Xan münaqişədə törədilən cinayətlərin izləndiyini və sübutlar olduqda Putinlə yanaşı digər Kreml rəsmilərinə və hərbi liderlərinə qarşı əlavə ittihamların irəli sürüləcəyini bildirib:

 

“Mən Buçadakı (Kiyev vilayətində şəhər – red.)  cəsədləri görəndə dedim ki, Ukrayna cinayət yeridir. Daha sonra Borodyankada, Xarkovda, Xersonda və başqa yerlərdə olmuşam və buralarda müxtəlif dağıntıların olduğunu görmüşəm". 


Qeyd edək ki, tarixdə baş verən hərbi cinayətlərə görə dövlət başçısının mühakimə edilməsinə dair təcrübə var. 2003-cü ildə Sierra Leonedə vətəndaş müharibəsindəki roluna görə Liberiya prezidenti və müdafiə naziri Çarlz Teylor 2007-2011-ci illər arasında mühakimə olunub. Prezident və nazir istintaqın nəticəsində 2012-ci ildə təqsirli bilinib.


Bundan öncə isə 1990-cı illərdəki Bosniya və Yuqoslaviya müharibələri zamanı törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar həbs edilib. Həm Radovan Karazic, həm də Ratko Mladic on ildən çox müddət sonra həbs olundular və müvafiq olaraq 2016 və 2017-ci illərdə günahkar biliniblər. Keçmiş Yuqoslaviya və Serbiyanın Prezidenti Slobodan Miloşeviç isə 2006-cı ildə Haaqadakı həbsxana kamerasında vəfat edib.


Vasif

 


OXŞAR XƏBƏRLƏR