Kissincerdən diqqətçəkən Ukrayna PROQNOZU: İlin sonunadək...

Kissincerdən diqqətçəkən Ukrayna PROQNOZU: İlin sonunadək...

“Ukrayna və Rusiya arasında real danışıqlar ilin sonunadək mümkündür. Bu, Çin sayəsində mümkün olacaq”. Bunu ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer “CBS News”a müsahibəsində deyib.

 

Tanınmış diplomatın fikirləri reallaşa bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki,  Kissincerin indiki həssas məqamda belə bir fikir səsləndirməyi diqqət çəkir:

 

“Əslində indi sülh həm Rusiyanın, həm də Ukraynanın ürəyincədir. Çünki hər iki tərəf yorulub, resurslar tükənir. Davam edən müharibə hər iki ölkənin, xüsusilə Rusiyanın daxili siyasətinə də təsir edir. Belə bir məqamda danışıqlar masası arxasına oturmaq hər iki tərəf üçün sərfəlidir.  Amma kənar güclər, o cümlədən ABŞ buna imkan vermir. Rəsmi Moskva isə artıq Vaşinqtonla dil tapmağa çalışır. Nüvə müharibəsi, taxıl sazişindən imtina kimi təhdidlər birbaşa buna hesablanıb. Amma Ağ Ev savaşın uzanmasında israrlıdır. Çin isə müharibənin daha tez, özü də ABŞ məqsədinə çatmamış bitməsində maraqlıdır”.

 

Ekspert bildirib ki, Çinin sülh müqaviləsi paketi indiki halda Ukraynanı tam qane etmir:

 

“Bəlkə də, müəyyən "redaktələrdən" sonra Kiyev Pekinin təkliflərinə razı ola bilər. İndiki mübarizə əslində daha büyük güclər, o cümlədən siyasi sistemlər arasında gedir. Rusiya və Ukrayna sadəcə aysberqin görünən tərəfidir. Çin real və effektiv vasitəçi olmaq üçün əvvəlcə ABŞ -nin proseslərə təsir imkanı məhdudlaşdırmağa çalışmalıdır. Təəssüf ki, tərəflərdən biri- Rusiya və ya Ukrayna faktiki olaraq məğlub olmayana qədər sülhü real hesab etmirəm”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR