“Rusiya Qafqazla bağlı davranışlarına düzəliş etməlidir” - Açıqlama

“Rusiya Qafqazla bağlı davranışlarına düzəliş etməlidir” - Açıqlama

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana xəbərdarlıq edib. O, bildirib ki, münaqişənin həlli kimi üçtərəfli bəyanatların alternativi yoxdur.

 

Maraqlıdır, Putin bu açıqlama ilə həm də problemin həll edilməsində vasitəçi kimi çıxış edən Qərbə xəbərdarlıq edir? Bu açıqlamadan sonra Rusiyada üçtərəfli görüş keçirilə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov Rusiyanın Azərbaycana xəbərdarlıq etməsinin yersiz olduğunu deyib:

 

"Rusiya prezidentinin xəbərdarlığı Azərbaycana aiddirsə, çox yersizdir. Onun heç bir lüzumu yoxdur, çünki Azərbaycan əvvəldən üçtərəfli bəyanatın müddəalarının tələblərinə riayət edib, təşəbbüslərlə çıxış edib. Azərbaycan bu müddətdə çalışıb,  Ermənistanı sövq etsin ki, onlar da müvafiq tərzdə hərəkət etsin. Lakin bu məsələdə ən böyük problemi yaradan Rusiyanın özüdür. 2022-ci ilin fevralın 24-də Rusiya Ukraynada xüsusi əməliyyat keçirməyə başladı. Amma bu müddətədək Rusiyaya nə mane olurdu ki, Ermənistanı öhdəlikləri yerinə yetirməyə sövq etmirdi? 2022-ci il Rusiya Azərbaycanla birgə bəyanata imza atdıqdan sonra çox məntiqsiz bəyanatla çıxış edib ki, Qarabağda status məsələsi sonraya qala bilər. Baxmayaraq ki, Azərbaycan status məsələsini ümumiyyətlə gündəmdən çıxarıb. İndi isə Rusiya bu açıqlama ilə çıxış edir. Rusiyanın kifayət qədər imkanı var ki, Ermənistanı ram etsin. Ancaq Rusiya öz üzərinə düşən novatorluq funksiyasını yerinə yetirmir. Bu boşluqdan isə Rusiyaya bağlı olan erməni revanşistlər istifadə edir”.

 

Ekspert Putinin Qafqaz siyasətinin dəyişməli olduğunu qeyd edib:

 

"Rusiya çox narahatdır ki, Qərb onu bu proseslərdə üstələyə bilər. Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü Rusiyanı çox ciddi şəkildə narahat edir. Odur ki, Mariya Zaxarova, Sergey Lavrov kimi şəxslər bu məsələyə münasibət bildirir. Özü hərəkət etmədiyi halda, digərlərinin fəaliyyətini tənqid edən, ona təftişlə yanaşanın mövqeyi sağlam sayıla bilməz. Rusiya nümunə göstərərək bildirməlidir ki, həqiqətən sözünün arxasında dayanır. Rusiya Qafqazla bağlı davranışlarına sağlam düzəliş etməlidir. Moderatorluq vəzifəsi üzərində olan Putin bu işi layiqincə yerinə yetirməlidir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR