Fransanın xarici işlər naziri Cənubi Qafqaza NİYƏ GƏLİR?

Fransanın xarici işlər naziri Cənubi Qafqaza NİYƏ GƏLİR?

Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Qeyd olunub ki, səfər aprelin 26-dan 29-dək baş tutacaq. Lakin regional səfərin gündəliyi verilməyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Fransa mətbuatında səfərlə bağlı yazılanlardan söz açıb:

 

“Qeyd olunub ki, sözügedən səfər ziyarət xarakteri daşıyır və əsas məqsəd üç Cənubi Qafqaz ölkəsi ilə Fransa arasında münasibətlərin daha da inkişaf etdirilməsidir. Amma ümumiyyətlə nəzər saldıqda, son günlər bölgədə Azərbaycan və Ermənistan arasında gərginliyin yenə də baş qaldırdığını görürük. Demək olar ki, sonuncu toqquşmadan sonra Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd məntəqəsi qurması Ermənistanı, o cümlədən Fransanı narahat edib. Gündəliyin açıqlanmamasının əsas səbəbi odur ki, burada bağlı qapılar arxasında aparılması lazım olan danışıqlar var. Hər halda, Ermənistan-Azərbaycan münaqişəsi nöqteyi-nəzərdən nazirin səfəri zamanı Qarabağ mövzusu gündəmdə olacaq”.

 

Müsahibimiz Gürcüstanla bağlı məsələnin fərqli olduğunu vurğulayıb:

 

“Avropa İttifaqı ilə Gürcüstan arasında qarşılıqlı münasibətlər yüksək həddə çatıb. Gürcüstan vətəndaşları Avropaya rahatlıqla gedə bilirlər. Amma Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması Ketrin Kolonnanın müzakirə edəcəyi əsas məsələ olacaq. Həmçinin, iqtisadi əməkdaşlığın da müzakirə edilməsi gözləniləndir. Hər halda, Fransanın indiki məqamda erməni lobbisinin təsiri altında xarici işlər nazirinin səfərini planlaşdırıdığını demək mümkündür. Yeni sərhəd məntəqəsinin quraşdırılmasından sonra dünyanın müxtəlif ölkələrində olan erməni lobbiləri həmin hökumətlərə daha çox təzyiq etməyə başlayıblar. Görünür, bu məsələ Fransanı daha çox narahat edir və yenidən bölgəyə səfəri planlaşdırır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR