“İranın Bakıdakı səfirliyi qapadılmalıdır, müharibə isə...” – Politoloqdan açıqlama

“İranın Bakıdakı səfirliyi qapadılmalıdır, müharibə isə...” – Politoloqdan açıqlama

Ötən həftə Azərbaycana qarşı təxribatçı fəaliyyətlə məşğul olan İran səfirliyinin 4 əməkdaşının "arzuolunmaz şəxs" elan edilməsi Milli Məclisin sonuncu iclasında da əsas müzakirə mövzularından idi.

 

Deputatlar İranın Bakıdakı səfirliyinin ölkəmizdə casus şəbəkəsinin qurulmasında birbaşa rol oynadığını, bu səbəbdən diplomatik nümayəndəliyin bağlanmasını tələb etdilər, digər diplomatların da ölkədən çıxarılması barədə fikirlər səsləndirdilər.

 

İran səfirliyinin fəaliyyətinin dayandırılmasına ehtiyac varmı? Baş verənlər bu ölkə ilə  toqquşmaya və ya müharibəyə gətirib çıxara bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki,  Azərbaycanla İran arasında çox ciddi proseslər yaşanır və hadisələr hələ də gərginləşməkdə davam edir:

 

“İranın ölkəmizdəki səfirliyinin 4 əməkdaşının "arzuolunmaz şəxs" elan olunmasını Azərbaycan tərəfinin İranın demarşlarına cavab olaraq da qiymətləndirmək olar. Çünki İran Azərbaycana qarşı bütün istiqamətlər üzrə hücuma keçib. Son günlər isə parlamentin deputatlarını da bu işə cəlb edərək bizi hansısa “siyasi nəticələr”lə hədələyir. Özü bizim səfirliyimizdə terror aktı törədir, ölkəmizdə minlərlə insandan ibarət casus şəbəkəsi qurub və ona rəhbərlik edir, amma siyasi nəticələr barədə düşünmür. Bu baxımdan deputatlarımızın fikri ilə həmrəyəm. Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənə qədər İranın Bakıdakı səfirliyi də fəaliyyətinə ara verməlidir”.

 

Müsahibimiz səfirliyimizin fəaliyyətə başlaması üçün isə şərtlərin açıqlandığını xatırladıb:

 

“Törədilən terror hadisəsi düzgün istintaq olunmalı və təşkilatçılar cəzalandırılmalıdır. Bundan sonra diplomatik nümayəndəliyimizin təhlükəsizliyi yüksək səviyyədə təşkil olunmalıdır. İranın Azərbaycandakı səfirliyi həm də ona görə müəyyən müddətə bağlanmalıdır ki, İranın Respublikamızdakı casus yuvasını təmizləmək mümkün olsun. Onlar fəaliyyət göstərdiyi zaman bizim təhlükəsizlik xidmətinin işinə mane törədəcəklər. Digər tərəfdən, oradakı əməkdaşların hamısı birmənalı olaraq casusluqla məşğuldurlar və "arzuolunmaz şəxs" hesab oluna bilərlər. Bizim hüquq mühafizə orqanları səfirliyin bütün əməkdaşları barədə zəruri sübutlara malikdirlər. Sadəcə, bu sübutları təqdim edib onları ölkədən çıxarmaq qalır. Hadisələrin iki ölkə arasında müharibəyə qədər inkişaf edəcəyini düşünmürəm. Çünki nə İran, nə də Azərbaycan müharibədə maraqlı deyil. İran beynəlxalq koalisiyanın ona qarşı hazır dayandığını bilir və müharibə üçün bəhanə vermək istəmir. Azərbaycan isə hələ İranla müharibəyə qədər daha ciddi əməliyyatlar keçirmək ərəfəsindədir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR