Rusiya Krımda müdafiə istehkamları qurur: Yazda yarımada uğrunda şiddətli döyüşlər olacaq

Rusiya Ukraynanın Krımı azad etmək üçün hərbi əməliyyatlara başlamaq cəhdinə qarşı yarımadada müdafiə tədbirlərini gücləndirib.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Vaşinqton Post” qəzeti peykdən çəkilmiş görüntülərə əsasən yazıb.
Qəzetin məlumatına əsasən, Rusiya Krımda müdafiə hazırlığına başlayıb və xəndəklər qazır:
“Martın son bir neçə həftəsində Rusiya hərbçiləri kiçik Medvedovka şəhəri ətrafında, Ukraynanın materik hissəsinə yaxın ərazidə mürəkkəb səngərlər sistemi yaradıblar. Yaxınlıqda digər istehkamlar, o cümlədən dərin tank əleyhinə xəndəklər var”.
Nəşrə müsahibə verən analitiklər qeyd ediblər ki, Rusiya başqa yerlərdə də müdafiəni gücləndirsə də, Krımda belə obyektlərin tikintisinin miqyası kifayət qədər nəzərə çarpır:
“Peyk şəkillərindən aydın olur ki, Krımda bəzi maneələr, istehkamlar bir neçə gün ərzində qurulub. Müdafiə xətlərinin bir çoxu su hövzələri boyunca tikilib və bu, Ukraynanın qurudan potensial hücumu üçün əlavə maneə yaradır. Görünür, Rusiya ordusu Krımın yaxın gələcəkdə müdafiə olunmalı olduğunu başa düşür. Bir şey olarsa, qoşunlar dərhal bu müdafiə xəttinə göndəriləcək. Cəmi bir neçə həftə ərzində Rusiya Krımın qərb sahilində yerləşən Vitino şəhəri yaxınlığında kilometrlərlə istehkamlar tikərək şəhəri dəniz hücumuna hazırlayıb. Moskva Krımı möhkəmləndirmək üçün sovet dövründən qalma “BTM-3” səngərlərindən istifadə edir. Maşın donmuş ərazilərdə belə, saatda yarım kilometr sürətlə səngər qazır. ABŞ ordusu bir vaxtlar bu maşınlara heyran olub, 1980-ci il daxili hesabatında ABŞ, Avropa və ya Yaponiyada buna bənzər bir şeyin olmadığını qeyd edib. “BTM-3” 1,2 metr dərinliyə qədər düz, ziqzaq və ya əyri xəndəkləri və ya 1,5 metr dərinliyə qədər tam uzunluqlu xəndəkləri qazır”.
Qəzetin yazdığına görə, Rusiya Krımda müdafiəni möhkəmləndirmək üçün ölkənin hər yerindən kütləvi şəkildə işçi qüvvəsi cəlb edir:
“Rus onlayn iş axtarış saytları yarımadada xəndək tikintisi işləri təklif edir. Təklif edilən işlər üçün bir işçinin maaşı gündə 90 dollardan çoxdur”.
Qərb ekspertləri bildirir ki, regionun coğrafiyası həm Ukrayna, həm də Rusiya üçün böyük çətinliklər yaradır. Qəzetin analitiklərinin fikrincə, Krım Ukraynanın materik hissəsi ilə dar, bataqlıq ərazilərlə bağlıdır və bu, irəliləyişin qarşısını ala bilər. Lakin Krımın cəbhəyə yaxınlığı Rusiya hərbçiləri üçün də təhlükəli ola bilər. Çünki onların yaxınlıqda olan qüvvələri təcrid olunub və onları Ukrayna silahları üçün asan hədəfə çevirir.
Vasif