Fazil Mustafaya sui-qəsdi İrana bağlı qüvvələr törədib? – Deputat Ceyhun Məmmədovdan açıqlama

Ötən gün millət vəkili Fazil Mustafanın sui-qəsdə məruz qalmasının İranla bağlı ola biləcəyi xüsusunda iddialar var. Belə ki, millət vəkilinin son vaxtlar İranla bağlı tənqidi paylaşımları bu qənaətin güclənməsinə səbəb olub.
Maraqlıdır, bu iddia nə dərəcədə əsaslıdır?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov deputatın sui-qəsdə məruz qalmasının ehtimal edilən səbəblərindən danışıb:
“Hazırda Azərbaycanın hüquq-mühafizə orqanları cinayətkarları aşkarlamaq üçün zəruri addımlar atırlar. Heç şübhəsiz ki, cinayətkarlar tapılaraq hüquqi məsuliyyətə cəlb ediləcəklər. Buna heç kimin şübhəsi olmasın. Bu gün bu terroru İran tərəfinin törətdiyini düşünənlər az deyil. Ancaq düşünürəm ki, istintaqın nəticəsi bilinmədən hansısa tərəfi və ya dövləti günahlandırmaq düzgün olmazdı. Deputat Fazil Mustafa həm parlamentdə, həm də mediada davamlı olaraq Azərbaycanın suverenliyinin möhkəmlənməsinə, ölkəmizə qarşı təxribatların qarşısının alınmasına, vətəndaş hüquqlarının qorunmasına yönəlmiş çıxışlar edirdi. O, öz çıxışlarında tez-tez İranın Azərbaycanla bağlı siyasətini, dini fəaliyyət sahəsində müşahidə edilən xoşagəlməz halları da sərt tənqid edib. Görünür, indi diqqətin İrana yönəlməsinin səbəblərindən biri də budur.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan özünün ikinci müstəqillik tarixinin ən şərəfli, eyni zamanda ən gərgin dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük müharibədəki zəfərini, bölgədə yeni reallıq yaratmasını, müstəqil siyasət yeritməsini, heç bir regional və beynəlxalq təzyiqə baş əyməməsini nə qonşu dövlətlər, nə də Qərb qəbul etmək istəyir.
Deputat qarşıdakı günlərdə yeni təxribatların da ola biləcəyini də istisna etməyib:
“Digər bir reallıq isə ondan ibarətdir ki, son illər regionumuz və dünyamız heç zaman olmadığı qədər gərgin, ağır bir mərhələyə daxil olub. Hamı bulanıq suda balıq tutmağa çalışır. Qlobal güclərin siyasətindən bu gün ən çox əziyyət çəkən isə kiçik və təzyiqlərə boyun əyməyən dövlətlərdir.
Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu təzyiqlərə və təxribatlara sinə gəlməyə çalışır. Qarşı tərəflər isə müxtəlif bəhanələrlə bu təzyiqləri artırmağa çalışırlar. Ona görə əvvəl də qeyd etdiyim kimi, qarşıdakı günlərdə yeni təxribatların baş vermə ehtimalı kifayət qədərdir. Bu təxribatlar müxtəlif istiqamətlərdə özünü biruzə verə bilər. Ona görə xalqımızın ayıq-sayıq olması, ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsi çox önəmlidir. Bu, ağır mərhələni keçmək üçün vacibdir. Eyni zamanda, hüquq mühafizə orqanlarının da üzərinə çox böyük vəzifələr düşür. Həddən artıq ayıq-sayıq olmağa çox ciddi ehtiyac var. Allah dövlətimizi və xalqımızı qorusun”.
Əzizə Zeynal