Rusiya və Azərbaycanın İsraildəki səfirləri arasında görüş oldu
Bazar ertəsi Rusiyanın İsraildəki səfiri Anatoli Viktorovla azərbaycanlı həmkarı Muxtar Məmmədov arasında görüş keçirilib.
Sfera.az xəbər verir ki, görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.
Bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“Dostluq şəraitində keçən fikir mübadiləsi zamanı diplomatik nümayəndəliklərin rəhbərləri qarşılıqlı maraq doğuran sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələlərinə toxunublar. Görüşdə, xüsusilə Böyük Vətən Müharibəsinin tarixi irsinin qorunması, ikitərəfli iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi, eləcə də Yaxın Şərq nizamlanması problemləri müzakirə edilib”, - deyə diplomatik nümayəndəlikdən məlumat verilib.
Qeyd olunub ki, Viktorov və Məmmədov “iki ölkə arasında müttəfiqlik əməkdaşlığının daha da inkişafına kömək etmək üçün qarşılıqlı niyyəti” təsdiqləyiblər. Həmçinin, əlaqələrin davam etdirilməsi razılaşdırılıb.






