Yaponiyanın Azərbaycandakı səfiri Qaradağ Sement Zavoduna səfər etdi - FOTOLAR
Yaponiyanın Azərbaycandakı səfiri Junichi Vada sement məhsulları və dayanıqlı inkişaf təşəbbüsləri ilə tanış olmaq üçün Holcim Azərbaycanın Qaradağ Sement Zavoduna səfər edib və çirkət rəhbərliyi ilə görüşüb.
Sfera.az xəbər verir ki, görüş zamanı səfir şirkət rəhbərliyi ilə alternativ yanacağın istifadəsi, tullantıların idarə olunması və tikinti tullantılarının təkrar emalı üzrə layihələri müzakirə edib.
Şirkətin əsas fəaliyyəti ilə yanaşı cənab Səfir "Holcim"in qadınların səlahiyyətlərinin artırılması təşəbbüsləri ilə bağlı korporativ sosial məsuliyyət fəaliyyətləri ilə maraqlanıb. O, Ümid qəsəbəsində yerləşən Qadın Mərkəzinə baş çəkib və yerli qadınlarla onların fəaliyyətləri barədə söhbət etməkdən çox təsirlənib.
Səfərin sonunda səfir zavodun ərazisində ağacəkmə kampaniyasında iştirak edib. Bu, yaşıllaşdırılma təşəbbüsü çərçivəsində ənənəvi tədbirdir. Görüşdən sonra səfir Azərbaycan cəmiyyətində dayanıqlı inkişaf təşəbbüslərini təşviq etmək üçün "Holcim" ilə tərəfdaşlıq qurmağa hazır olduğunu bildirib.
























