Paşinyan Bakının planından danışdı: “Dəhlizi açacaqlar, sonuncu erməni evindən çıxanda...”

Paşinyan Bakının planından danışdı: “Dəhlizi açacaqlar, sonuncu erməni evindən çıxanda...”

“Bakının planı belədir - Qarabağda iqtisadi və psixoloji təzyiqi kuliminasiya nöqtəsinə çatdırmaq, sonra DQ ermənilərinin kütləvi şəkildə evlərini tərk edəcəkləri gözləntisi ilə bir neçə gün dəhlizi açmaq, sonra yenə dəhlizi bağlamaq, sonuncu erməni Dağlıq Qarabağı tərk edənə qədər bir neçə günə dəhlizi yenidən açmaq və s.”.

Bunu dünən Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Erməni mediası bu açıqlamadan sonra əlavə tələblərin olduğunu da qeyd edib.

 

Sfera.az-ın məlumatına görə, Ermənistanın "Hraparak" qəzeti bildirib ki, digər əsas tələblərdən biri də Qarabağ separatçılarının qondarma dövlət naziri, rusiyalı milyarder Ruben Vardanyanın istefasıdır.

 

“Onlar heç bir vasitəçi istəmirlər. Üstəlik, təkcə Ermənistan deyil, Rusiya və Moskva tərəfindən təyin olunan Ruben Vardanyan da vasitəçi kimi çıxış etməməlidir. Yolun açılması üçün isə əsas şərt birdir: Ruben Vardanyanın dövlət naziri vəzifəsindən uzaqlaşdırılması”.

 

Nəşr qeyd edib ki, Azərbaycan tərəfi çox sərt mesaj göndərib: “Ruben Vardanyan vəzifədə olduğu müddətdə yol açılmayacaq və bu məsələdə heç bir güzəştə getməyəcəklər. Təəssüf ki, artıq ərazidə Ruben Vardanyanın hakimiyyətdə olmasına qarşı müəyyən etiraz dalğası yüksəlir. Onun uzaqlaşdırılması tələbi ilə etiraz aksiyaları təşkil olunmalıdır ki, yol açılsın. Amma Vardanyanın vəzifədən kənarlaşdırılmasının əleyhinə olanlar var. Keçmiş prezident Bako Saakyan və keçmiş hakimiyyətin bəzi nümayəndələri də bunun qəti əleyhinədirlər”.

 

Qəzet həmçinin, Rusiyanın mövqeyi ilə də maraqlandıqlarını vurğulayıb.

 

“Bizə dedilər ki, ruslar o qədər passivləşib, geri çəkiliblər ki, Ruben Vardanyanın vəzifə tutub-tutmayacağının onlar üçün heç bir fərqi yoxdur. Əksinə, Arayik Arutyunyana (Ermənistanın Dağlıq Qarabağda qurduğu separatçı rejimin "rəhbəri") bir neçə dəfə mesajlar verilib ki, o, bu məsələdə azaddır. Yəni Araik bu gün Vardanyanı azad edə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR