Deputat mandatından məhrum edilmiş deputatların SİYAHISI – Erkin Qədirli də eyni aqibəti yaşayacaq?

Deputat mandatından məhrum edilmiş deputatların SİYAHISI – Erkin Qədirli də eyni aqibəti yaşayacaq?

Qalmaqallı açıqlamasından sonra  Milli Məclisin deputatı Erkin Qədirlinin deputat mandatını itirəcəyi ilə bağlı iddialar gündəm mövzusuna çevrilib.

O, müsahibəsində ölkədə demokratik seçkilərin olmadığını deyib. Bu açıqlamanın ardınca isə bir çox həmkarları onu sərt tənqid edərək, Erkin Qədirlinin deputat mandatından məhrum edilməsini təklif edib.

 

Maraqlıdır, son illərdə hansı deputatların mandatı ləğv olunub?

 

Sfera.az son on il ərzində müxtəlif səbəblərdən deputat səlahiyyətlərinə xitam verilən deputatların adlarını təqdim edir:

 

2013-cü ildə 19 saylı Nərimanov birinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Əli Əhmədovun mandatı ləğv olunub. Ə.Əhmədov həmin il Prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin edilib. Konstitusiyaya görə isə icra hakimiyyəti orqanında vəzifə tutan şəxslər millət vəkili olaraq fəaliyyət göstərə bilməzlər.

 

2015-ci ildə isə Asəf Hacıyevin deputatlığına xitam verilib. Səbəb isə Asəf Hacıyevin 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilməsi olub. Bu vəzifədən sonra eks deputat könüllü olaraq deputat səlahiyyələrindən imtina edib.

 

2019-cu ildə isə Rafael Cəbrayılovun deputat statusu ləğv edilib. Keçmiş deputat ayrı-ayrı vətəndaşlardan külli miqdarda pul alaraq zəmanət kimi III və IV çağırış deputat vəsiqələrini girov qoyub. Lakin borcu vəd etdiyi vaxtda qaytara bilməyib. Eyni zamanda zərərçəkənlərə də təzyiq edib. Onlar da öz növbələrində məsələni ictimailəşdiriblər. Bundan sonra Rafael Cəbrayılov mandatdan imtina barədə Milli Məclisə müraciət edib. Rafael Cəbrayılovun müraciəti baxılması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) göndərlib. MSK-nın qərarı ilə Rafael Cəbrayılovun mandatı ləğv olunub.

 

2021-ci ildə polisi döyən və barəsində cinayət işi açılaraq həbs olunan Eldəniz Səlimov da mandatını itirib. Sabiq parlamentariyə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 3 il 6 ay müddətinə hökm oxunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir.

 

Son olaraq isə VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib. Sabiq deputat 2022-ci ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bundan sonra o, qanunlara uyğun olaraq Mərkəzi Seçki Komissiyasına müraciət edərək mandatından imtina edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR