"ABŞ bunu başa düşür, Ağ Evdən Ermənistana..." - AÇIQLAMA

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Ağ Ev Ermənistanla Azərbayan arasında konstruktiv dialoqun təmin olunmasını istəyir. Onun sözlərinə görə, ABŞ əvvəllər olduğu kimi indi də üçtərəfli formatı davam etdirməyə hazırdır: “ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker təqaüdə çıxıb. Amma Dövlət Departamentində prosesdə dərindən iştirak edən insanlar var. Onlardan biri də dövlət katibi Entoni Blinkenin özüdür”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi Vaşinqton əvvəllər də dəfələrlə oxşar bəyanatlarla çıxış edib:

 

“Bu gün Cənubi Qafqaz uğrunda Rusiya ilə ABŞ arasında mübarizə gedir. Tərəflər əvvəl regiondakı mövcudluqlarını gücləndirmək üçün Ermənistanla Azərbaycan arasındakı konfliktdən istifadə edirlər. İkinci Qarabağ müharibəsindən sonra yeni reallıqlar yarandı. İndi həm Moskva, həm də Vaşinqton vasitəçilik təşəbbüsləri ilə məqsədlərinə nail olmaq istəyirlər. İkisi də qeyri-səmimidir. Biz onların qulağaxoş bəyanatlarına "toxuq". Əgər Rusiya və ABŞ, həqiqətən, regional sabitlikdə maraqlı olsaydılar, ATƏT- in həmsədri kimi fəaliyyət göstərdikləri illər ərzində münaqişənin həllinə nail olar, müharibənin başlanmasına şərait yaratmazdılar. Bu mənada biz tarixi təcrübədən dərs çıxarmalıyıq”.

 

Müsahibimiz bildirib ki, Kreml ilə Ağ Ev arasındakı bu rəqabət bizə sərf edir: “Rəsmi Bakı hazırkı situasiyadan öz xeyrinə istifadə edə, tərəflərdən birinin təsir gücünü digəri vasitəsilə neytrallaşdıra bilər. ABŞ ilə Rusiya arasında mübarizə daha gərgin səviyyədədir. Vaşinqton bir çox bölgədə, eləcə də Cənubi Qafqazda Moskvanın təsirini azaltmağa çalışır. Bu isə o deməkdir ki, səslənən bəyanatlarda müəyyən həqiqilik payı var. ABŞ başa düşür ki, Azərbaycan regionun aparıcı "oyunçusu"dur. Ona görə də Vaşinqton Bakı ilə münasibətləri pisləşdirmək istəməz. Biz bu məqamları nəzərə alaraq, regional maraqlarımızın təmin olunmasında, o cümlədən sülh müqaviləsi üçün Ermənistana təzyiq göstərilməsində Ağ Evin təşəbbüslərindən istifadə edə bilərik”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR