"İran başa düşməlidir ki, biz Ermənistan ərazisindəki tarixi torpaqlarımızı..." - AÇIQLAMA

İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Asiya Parlament Assambleyasının Türkiyədə keçirilən iclasından sonra keçirdiyi mətbuat konfransında gələcəkdə Bakıya gedəcəyini və bu görüşləri davam etdirmək qərarı aldığını deyib.O,  Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə keçirdiyi görüşdən danışıb və bildirib ki, Azərbaycanla İran arasındakı son zamanlar baş verən anlaşılmazlıqlar artıq həll olunub.


Maraqlıdır, parlament sədri hansı anlaşılmazlıqların həll edildiyini deməyə çalışıb?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov Türkiyədə keçirilən görüşdən sonra ziddiyətli xəbərlərin gəldiyini deyib:

 

"Məhəmməd Bağır Qalibaf bu anlaşılmazlıqların hansı sahələri əhatə etməsi və necə həll olunması barədə məlumat verməyib. Amma düşünürəm ki, Azərbaycanın əsas narazılığı İranın Ermənistanı dəstəkləməsi idisə, bunun İran tərəfindən necə yoluna qoyulduğu məlum deyil. Əlbəttə ki, bu, iranlı spikerin verdiyi bəyanatdır. Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova bu barədə eyni məzmunlu açıqlama verməyib və Türkiyədə keçirilən görüş haqqında gələn xəbərlər də ziddiyyətlidir. Orada Sahibə xanımın iranlı spikeri inkarolunmaz dəlillərlə yerində oturtması barədə məlumat daxil olub. Sahibə xanım İran-Ermənistan münasibətlərinin Azərbaycana qarşı yönəldiyini və İslam Respublikasının Azərbaycanla münasibətdə qeyri-səmimi davrandığını Qalibafın nəzərinə çatdırıb. İranın müsəlman və hətta əhalisini əksər hissəsinin İran əhalisi kimi şiə olan Azərbaycanı deyil, Ermənistanı dəstəkləməsinin başucalığı gətirmədiyini bir daha İran rəsmisinə bildirib. Sahibə xanım İran əhalisinin əksər hissəsinin Azərbaycan dilində danışdığını da tərəf müqabilinə xatırladıb ki, bundan sonra Azərbaycanla münasibətdə bu faktı da unutmasınlar.

 

Antalyadakı söhbət zamanı Sahibə Qafarovanın Azərbaycan sərhədlərinin Ermənistan tərəfindən pozulmasının İran üçün nədən qırmızı xətt olmaması, Ermənistanla hipotetik sərhəd pozulmasının İran üçün qırmızı xətt ola biləcəyi barədə sualına da cavab tapa bilməyib. Çünki təkcə Qalibaf deyil, İranın ən yüksək səviyyəli dövlət və dini xadimləri də bu sual qarşısında susmağı üstün tuturlar".


Ə.İbrahimov rəsmi Bakının Tehrana çatdırılmalı mesajlarının olduğunu sözlərinə əlavə edib:


"Sahibə Qafarova İran Məclisinin spikerinin Azərbaycana dəvət olunması barədə də bir söz deməyib. Yəni bu səfər razılaşdırılsaydı, artıq dəvət edən tərəf kimi Azərbaycan rəsmi kanalları bu barədə xəbər yayardılar. Deməli iranlı spiker Azərbaycana səfər etmək arzusunu həqiqət kimi təqdim edir. Təbii ki, Azərbaycanın qapıları ona dost olan və ona hörmət bəsləyən bütün ölkələr üçün açıqdır. İran Parlamentinin spikerinin bu arzusu Azərbaycan dövləti tərəfindən də nəzərə alınacaq. Ən azından Antalyada başlamış söhbəti davam etdirmək üçün iranlı spikerin Bakıya səfəri zəruridir. Antalyada deyilənlərdən daha sərti Bakıda ona çatdırılardı".

 

Ekspert İran rəsmisinin Bakıya səfərinin həm də İran üçün faydalı ola biləcəyini qeyd edib:

 

"Bu səviyyəli İran rəsmisinin Azərbaycana səfəri həm də ona görə lazımdır ki, Azərbaycanın Ermənistanla münasibətdə tutduğu mövqeyi bizim öz rəsmilərimizin dilindən eşitsinlər və Azərbaycanın erməni torpaqlarını işğal etmək istəməsi barədə xəbər yayıb dünya dövlətlərini bizə qarşı qaldırmasınlar. İran başa düşməlidir ki, biz Ermənistan ərazisindəki tarixi torpaqlarımızı geri almaq üçün hələlik müharibəyə başlamaq fikrində deyilik. Bu məsələnin müharibəsiz, sülh yolu ilə həll olunacağın ümid edirik. Ermənistanın öz razılığı ilə. İran bu barədə narahat olmaya bilər. Amma biz çox istərdik ki, İran Azərbaycanla dostluq münasibətləri saxlayan ölkələr sırasında olsun. Bu, eyni zamanda İranın özünün mənafeyinə xidmət etmiş olardı".

 


Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR