"Rusiya-Ukrayna müharibəsinin bitməsinə oradan qərar veriləcək" - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Danışıqlarda Rusiya və Ukrayna arasında humanitar dəhlizin yaradılması məsələsinin müzakirə ediləcəyi qeyd edilir. 

 

Maraqlıdır, danışıqlardan müsbət nəticə gözləniləndirmi? 

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Rusiya və Ukrayna arasında gedən müharibənin onların öz iradələri daxilində sonlanmayacağını deyib:

 

"Rusiya-Ukrayna arasında davam edən hazırkı müharibə əslində onlar arasında gözlə görünən, lakin geniş mənada üçüncü dünya müharibəsidir. Bu, qlobal nizamın yenidən formalaşdırılması istiqamətində aparılan müharibədir. Müharibə beynəlxalq siyasi və iqtisadi proseslərə təsir edən, prosesləri format edən hadisədir. Söhbət heç də Rusiya ilə Ukrayna arasında davam edən hərbi əməliyyatlardan getmir.

 

Aydın məsələdir ki, okeanın o tərəfində oturan böyük qüvvələr əvvəlcə koronavirus, daha sonra indiki müharibəyə rəvac verməklə özlərinin bu və yaxud digər məqsədlərinə çatmaq istəyirlər. Digər səbəblər kimi Avropa İttifaqının daha çox ABŞ-dan asılı olması, avronun gücünün zəiflədilməsi, hərbi sənayelərin daha da varlanması, eyni zamanda silahların bir-birinə qarşı istifadə edilərək yoxlanılmasını da göstərə bilərik". 

 

Politoloq Rusiya-Ukrayna danışıqlarında Türkiyənin rolundan da danışıb:

 

"Türkiyə isə müharibənin ilk günlərindən sülhə xidmət etmək niyyətindədir. Bu gün Türkiyə Rusiya və Ukrayna prezidentlərini bir masaya oturda biləcək  tək subyekt rolundadır.Türkiyənin bu dialoqda oynadığı rol, apardığı balanslı siyasət onu göstərir ki, Ankara kimi qlobal güc BMT Təhlükəsizlik Şurasında da rol almalıdır. Bu, Azərbaycan üçün də önəmli məsələdir. 

 

Lakin Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanılması və onların barışması Türkiyədən asılı deyil. Eyni zamanda nə Rusiya, nə də Ukrayna öz iradəsi daxilində müharibəni dayandırmaq gücündədir. Müəyyən qruplar öz məqsədlərinə çatanadək müharibə davam edəcək. Bütün müharibələr kimi Rusiya-Ukrayna münaqişəsi də qlobal nizamı dəyişəcək".

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR