"Türkiyə bir neçə aya əməliyyatlara başlayacaq" - ŞƏRH

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarda rusiyalı və suriyalı həmkarları ilə görüşəcəyi gözlənilir. Məlumata görə, tərəflər bu ayın 14-16-da Moskvada bir araya gələ bilərlər. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Türkiyə Suriya və İraqın şimalında terrorçuların olmasından narahatdır

 

“Ankaranın bu narahatlığı başa düşüləndir. Çünki həmin terrorçular Türkiyənin təhlükəsizliyi üçün təhdiddir. Məsələnin iki həlli yolu var: ya Rusiya və Suriya hökumətləri razılaşaraq həmin terrorçuları ərazidən çıxarmalı, ya da Türkiyə bunu anti-terror əməliyyatı ilə etməlidir. Doğrudur, xüsusilə Ukrayna müharibəsindəki neytral mövqeyinə görə, Rusiya Türkiyəyə borcludur. Yəni Rusiya Prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriya məsələsinə görə qarşıdurmaya getməməyə çalışar. Ehtimal edilən anti-terror əməliyyatları əslində Suriya üçün də arzuolunan ssenari deyil”.

 

Müsahibimiz qeyd edib ki, Qərb terrorçuların Suriya və İraqın şimalındakı mövcudluğunda maraqlıdır:

 

“Çünki bu yolla lazım gələndə Türkiyəyə təzyiq göstərilir. Qarşıdakı aylarda Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda quru əməliyyatına başlaması əslində hakimiyyətin maraqlarına uyğundur. Mayda keçiriləcək parlament və prezident seçkiləri ərəfəsində başladılan əməliyyatlar hakim AK parti iqtidarına “xal qazandıra bilər”. Belə olarsa, ictimaiyyətin diqqəti həmin əməliyyatlara yönələcək və alternativ iqtidar barədə daha az düşünəcəklər. Fikrimcə, baş diplomatların nəzərdə tutulan görüşü konkret nəticələrlə yadda qalacaq. Məhz bu təmasların nəticəsində Türkiyə Silahlı Qüvvələrinin yaxın gəlcəkdə Suriya və İraqda quru əməliyyatlarına başlaması tamamilə gözləniləndir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR