Qərb Ukraynanı Rusiyaya qarşı necə qoruyur?Hərbi və digər yardımların MƏBLƏĞİ + SİYAHI

Qərb Ukraynanı Rusiyaya qarşı necə qoruyur? – Hərbi və digər yardımların MƏBLƏĞİ + SİYAHI

Rusiya-Ukrayna müharibəsi başlayandən bəri xarici dövlətlər və beynəlxalq təşkilatlar Kiyevə 150,8 milyard dollardan çox yardım göstərib. Bu yardımlar hərbi, humanitar və iqtisadi xarakterli olmaqla 3 qrupa bölünür. 


Sfera.az xəbər verir ki, bu haqda məlumat TASS-ın araşdırmasında öz əksini tapıb.

 

Rusiya dövlət agentliyinin araşdırmasına əsasən, Qərbin göstərdiyi yardımın ümumi həcmi Ukraynanın 2022-ci il üçün dövlət büdcəsindən (55,5 milyard dollar) 2,7 dəfə böyükdür. 


Yardımların 51,1 milyard dolları hərbi xarakterli olub ki, bu da Rusiyanın 2022-ci ildəki müdafiə xərclərinin 95 %-nə yaxındır.

 
Ukraynaya sonuncu dəfə hərbi yardım paketi yanvarın 6-da elan edilib. Həmin paketin dəyəri 3 milyard dollardır. Bura ilk dəfə olaraq “Bradley” piyada döyüş maşınları, özüyeriyən haubitsalar və RIM-7 “Sea Sparrow” yer-hava raketləri daxil olacaq. 


Ukraynaya ən böyük yardımı ABŞ edir. ABŞ hərbi yardımlarla bərabər 23,7 milyard dollar dəyərində dərman və ərzaq yardımı, eyni zamanda dövlət büdcəsində yaranan əlavə xərcləri maliyyələşdirmək üçün vəsait ayırıb. 


TASS-ın məlumatına görə, Ukraynaya ikinci ən böyük hərbi yardımı Böyük Britaniya edib. Böyük Britaniya 3,6 milyard dollarlıq hərbi yardım köçürdüyünü açıqlayıb.Rəsmi London xüsusən, “Starstreak” portativ zenit-raket komplekslərini və modernləşdirilmiş yüksək dəqiqlikli “Brimstone 2” raketlərini tədarük edib. 
Britaniya tərəfindən edilən yardımın qalan həcmi 1,8 milyard dollardır. 


Yardımların həcminin böyüklüyünə görə, növbəti yerdə Avropa İttifaqı gəlir. İttifaqın Avropa Sülh Fondu adlanan qurumu vasitəsilə Ukraynanın hərbi ehtiyacları üçün 3,28 milyard dollar səfərbər edilib. Avropa İttifaqı digər məqsədlər üçün 39,96 milyard dollar ayırmağa söz verib ki, bunun da 19 milyard dollardan çoxu Ukraynaya çatdırılıb. 


İttifaq ölkələrindən Almaniyanın hərbi yardımının məbləği daha böyükdür. Almaniya hökuməti Ukraynaya 2,3 milyard dollarlıq hərbi kömək göstərib. Rəsmi Berlin hərbi yardımlarla birgə ümumilikdə 3,4 milyard dollar dəyərində dəstək verib. 


Polşanın hərbi yardımı 2 milyard dollar dəyərində qiymətləndirilir. Bura 200-dən çox “T-72” tankı, bir neçə onlarla piyada döyüş maşını, “Krab” özüyeriyən haubitsa və digər texnika daxildir. Varşava da Kiyevə valyuta mübadiləsi şəklində 1 milyard dollar ayırıb. 


Çexiya Ukraynaya 2,1 milyard dollardan çox dəyərdə silah və sursat köçürüb. 


Kiyevin hərbi ehtiyaclarına milyard dollardan çox vəsait xərcləməyə qərar verən ölkələrin siyahısına Yaponiya da (1,39 milyard dollar) daxildir. 


İspaniya, İtaliya və Fransa kimi böyük Qərbi Avropa ölkələrinin Ukraynaya yardımı nisbətən azdır.  


Fransa hərbi yardımının təfərrüatlarını gizli saxlayır. Yalnız rəsmi olaraq 0,58 milyard dollar dəyərində silah göndərdiyini təsdiq edir. Bura SEZAR özüyeriyən artilleriya qurğusu və “Crotale” zenit sistemləri batareyası daxildir. Fransa hərbi yardımla yanaşı 1 milyard dollarlıq maliyyə yardımı da edib. 


İtaliyanın hərbi yardımı 0,48 milyard dollar, iqtisadi yardımı isə 0,33 milyard dollar qiymətləndirilir.


İspaniyanın Ukraynanın müdafiəsi üçün 0,25 milyard dollar ayırdığı bildirilir. 


Skandinaviya ölkələri də Kiyevin əsas donorlarındandır.

 

İsveç 1,24 milyard dollar (0,82 milyard dollar hərbi yardım və 0,42 milyard dollar digər yardım), Norveç 1,4 milyard dollar (0,55 milyard dollar hərbi yardım və 0,85 milyard dollar digər yardım) və Danimarka 0,7 milyard dollar (0,54 milyard dollar hərbi yardım və 0,16 milyard dollar digər yardım) ayırıb.


Baltikyanı ölkələr Ukraynanı dəstəkləmək üçün nisbətən kiçik məbləğlər ayırıblar: Estoniya - 0,32 milyard dollar hərbi və 0,05 milyard dollar maliyyə yardımı, Latviya - 0,3 milyard dollar hərbi və 0,09 milyard dollar maliyyə yardımı, Litva - 0,25 milyard dollar hərbi  və 0,45 milyard dollar maliyyə yardımı edib. 


Avstraliya, Belçika, Hollandiya, Slovakiya, Kanada və Finlandiya kimi ölkələrin ümumi hərbi yardımı təqribən 1,55 milyard dollar, maliyyə yardımı isə təqribən 3,4 milyard dollar təşkil edib.


Avstriya və İsveçrə Kiyevə əsasən, humanitar yardım göstərməyə diqqət yetirib, bunun üçün müvafiq olaraq 0,05 milyard və 0,1 milyard dollar ayırıblar.


Beynəlxalq təşkilatlar tərəfindən Ukraynaya ciddi maliyyə yardımı göstərilib. Dünya Bankı 18 milyard dollar ayırıb ki, onun 15 milyard dollarını Kiyev artıq kreditlər, qrantlar və birbaşa büdcə dəstəyi şəklində alıb. Beynəlxalq Valyuta Fondu Kiyevə daha 2,7 milyard dollar ayırıb.


Ötən ilin əvvəlindən BMT Ukraynaya humanitar yardım üçün 4,3 milyard dollar istəyib və bunun 3,1 milyard dollarını toplaya bilib. 


Ukraynaya donor konfransları vasitəsilə də hərbi və maliyyə yardımı edilir. Belə ki, ötən ilin avqust ayında Danimarkada keçirilən donor konfransında iştirak edən ölkələr Ukraynanın hərbi ehtiyacları üçün 1,6 milyard dollardan çox vəsait toplayıb, Böyük Britaniyanın təşkil etdiyi konfransda isə 1,95 milyard dollar səfərbər edilib. İsveç və Polşanın təşkilatçılığı ilə toplanan 6,5 milyard dollar, həmçinin, Fransanın təşkilatçılığı ilə toplanan 1,1 milyard dollar isə iqtisadi dəstəyə yönəldilib.


Vasif
 


OXŞAR XƏBƏRLƏR