"Paşinyan bu prosesi bilərəkdən daha da alovlandırmağa çalışır, çünki..." - AÇIQLAMA

Ermənistan Baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında KTMT ilə bağlı da danışıb. O, təşkilatın Ermənistanda planlaşdırılan hərbi təlimindən imtina etdiklərini deyib. Paşinyan son dövrlər baş verənləri nəzərdə tutaraq, bəyan edib ki, indiki halda bu təlimlərin keçirilməsi məqsədəuyğun deyil.  

 

Paşinyanın bu addımının arxasında nələr dayana bilər?  Ermənistan KTMT və MDB-yə üzvlükdən çıxa bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Paşinyanın son dövrlər xüsusilə KTMT, MDB, Rusiya ilə bağlı verdiyi açıqlamaların arxasında duran əsas səbəb məhz son bir aydır Azərbaycanın Qarabağ bölgəsində davam edən etiraz aksiyalarıdır:

 

“Əslində Ermənistan Baş naziri cəmiyyəti bu məsələyə səfərbər edir, Rusiyanı vurmaq üçün bu amillərdən istifadə etməyə çalışır. Qaldı ki, KTMT və ya MDB-dən çıxmaq məsələsinə, indiki məqamda Ermənistanın bunu bacaracağı o qədər də inandırıcı deyil. Çünki bu ölkənin elə də güclü alternativi yoxdur. Tutaq ki, KTMT-dən çıxdı, onun kimi kiçik dövlətin özünü qoruya bilməsi üçün mütləq başqa bloka qoşulması lazımdır. NATO-nun Ermənistanı yaxın buraxması mümkün deyil, orada Türkiyə, Macarıstan amili var, Azərbaycana dost və tərəfdaş olan digər ölkələr alyansda yer alır. Aydın məsələdir ki, bunlar Ermənistanın qarşısında ciddi sədd olacaq. MDB-dən çıxmasına gəlincə, əslində bu qurum elə də ciddi təsir malik deyil. Oradan çıxıb-çıxmamasının heç bir önəmi yoxdur. Sadəcə olaraq Paşinyanın indiki məqamda apardığı siyasət ondan ibarətdir ki, Ermənistanı mümkün qədər Rusiyadan uzaqlaşdırsın, Qərbə inteqrasiya prosesini sürətləndirsin. Amma bunun üçün bəhanələr, əsaslar formalaşdırmalıdır”.

 

Müsahibimiz qeyd edib ki, sözügedən proses Ukrayna savaşı fonunda yaranacaq vəziyyətdən, Paşinyanın əlinə keçəcək bəhanələrdən asılıdır:

 

“Yəni o, Rusiyadan nə qədər ciddi zərbə görəcəksə, bir o qədər bəhanə toplaya biləcək. Amma Ermənistanın hətta əlində ciddi əsas olsa belə, indiki məqamda MDB və ya KTMT-dən çıxması ehtimalı dediyim kimi inandırıcı görünmür. Artıq Moskva-İrəvan arasında soyuq küləklər əsməyə başlayır. Paşinyan bu prosesi bilərəkdən daha da alovlandırmağa çalışır. Rusiyadan uzaqlaşmaq kimi hədəflədiyi məsələlərə görə, KTMT təlimlərindən də imtina edir. Bu, artıq Nikolun gedişləridir və belə hərəkətlər çox ola bilər”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR