"Rusiya erməni separatçılarına silah-sursat daşımaq marağında deyil" - Millət vəkili

Rusiya hərbi kontingentinə məxsus yük maşınları Şuşa-Xankəndi yolundan rahatlıqla keçir. Bildirilir ki, həmin maşınlarda zəruri ərzaq məhsulları və s. daşınır. Lakin həmin maşınlarla erməni separatçıları üçün nəzərdə tutulmuş silah-sursat daşınması da istisna edilmir, yəni belə şübhələr var. 

 

Maraqlıdır, sözügedən ehtimalın qarşısını almaq üçün hansı addımlar atıla bilər? 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev Rusiya tərəfinin ermənilərə silah-sursat daşımaqda maraqlı olmadığını deyib:

 

"Mən deməzdim ki, Rusiya hərbi kontingentinə məxsus maşınlar Şuşa-Xankəndi yolundan rahatlıqla keçə bilir. Onlara bizim aktivistlərimiz nəzarət etmək imkanına malikdir və orada texniki vasitələrimiz də var. Rusiya bu gün qaçaqmalçılıq yolu ilə erməni separatçılarına silah-sursat daşımaq marağında olmaz. Yəni əgər bu məsələ tam üzə çıxarsa, Rusiya buna cavab verə bilməz. Ona görə də, bu şübhələrin olmaması üçün bizim əsas məramımız həmin ərazidən hər bir yükün şəffaf şəkildə keçirilməsinə nəzarət etməkdir". 


Deputat  Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkovun yanaşmasını da sitat gətirib:


"Həmin ərazi gömrük deyil, Azərbaycan ərazisidir. Lakin sülhməramlıların son vaxtlar gördüyü işlərin nəticələri, general Volkovun verdiyi açıqlamalar onu deməyə əsas verir ki, onların elə bir texniki vasitəsi yoxdur ki, yükün nədən ibarət olduğunu ayırd edə bilsinlər. Bizim əsas məqsədimiz isə yüklərin daşınmasında şəffaflıq yaratmaq və birgə nəzarətin təmin edilməsidir". 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR