"Ərdoğan bundan seçki piarı kimi yararlanır, lakin şansı azdır..." - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında Rusiya-Ukrayna arasında böhranın başa çatdırılması və bu problemin diplomatik yolla həlli üçün bütün cəhdlərin davam etdiyini söyləyib. Hələ müharibə başlamazdan əvvəl Ankara Moskva və Kiyevi diplomatik masa arxasına dəvət etməyə çalışsa da, buna nail ola bilməmişdi. Savaş başlayan ilk gündən etibarən isə Türkiyə sülh üçün səylərini davam etdirir - "Taxıl sazişi", əsir mübadiləsi, həmçinin Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyinin təmin olunması buna nümunədir.

 

Bəs Türkiyənin bu addımı necə nəticələnəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, tərəflər arasında sülhə və Şərqi Avropada sabitliyə nail olmaq Türkiyə üçün əhəmiyyətlidir:

 

“Çünki Ankaranın həm Moskva, həm də Kiyəvlə normal əlaqələri var. İkinci bir tərəfdən, Ərdoğan bunu bacararsa, həm daxildə, həm də beynəlxalq aləmdə nüfuzu xeyli artar. Üçüncüsü isə hər kəsə, o cümlədən də Ərdoğana yaxşı məlumdur ki, müharibənin arxasında dayanan Qərbdir. ABŞ və müttəfiqləri bu savaşda maraqlıdır. Bəzi Qərb dövlətləri, o cümlədən Vaşinqton zaman-zaman Ankaraya təzyiq göstərməyə cəhd edirlər. Bu mənada onların oyunlarını pozmaq Türkiyənin marağındadır. Etiraf etmək lazımdır ki, tərəflərin hər ikisinin maraqlarına uyğun şəkildə sülhə nail olmaq o qədər də asan deyil: Ukrayna ərazisi güzəştinə getmək, Rusiya isə tutduğu torpaqlardan çıxmaq istəmir”.

 

Müsahibimiz qeyd edib ki, nüvə silahından istifadə və üçüncü dünya müharibəsi ehtimalı tədricən artır:

 

“Əslində bunu Ərdoğan və komandası da anlayır. Təsadüfi deyil ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bu günlərdə demişdi ki, savaş qarşıdakı aylarda daha da şiddətlənəcək. Bir sözlə, Ərdoğanın şansları indi əvvəlkinə nisbətən daha azdır. Buna baxmayaraq, o, səylərini, təmaslarını davam etdirir. Beləliklə, Türkiyə lideri həm də xüsusilə seçkilər ərəfəsində reputasiyasını qorumağa çalışır və beynəlxalq ictimaiyyətə lazımi mesajlar verir”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR