Xankəndi-Laçın yolundakı aksiya nə zaman bitəcək? – ÜÇ EHTİMAL
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi yeddi gündür davam edir. Aksiyanın əsas hədəfi işğal altındakı qızıl və mis yataqlarında monitorinqə imkan yaradılmasıdır. Lakin hələ də buna nail olunmayıb.
Bəs, aksiya nə qədər davam edəcək?
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu bir neçə variant irəli sürüb.
O qeyd edib ki, ilkin ehtimalda Qarabağdakı erməni separatçıları məcburiyyət qarşısında qızıl və mis yataqlarında azərbaycanlı məmurların monitorinqinə imkan yaradırlar, proses aparılır və yoldakı etiraz dayandırılır:
“Ancaq monitorinqlə məsələ bitməyəcək, dövlətin yataqları və əldə edilən gəlirin nəzarət altına alması mövzusu aktuallaşacaq. İkinci variantda Qarabağdakı erməni separatçıları azərbaycanlı məmurların monotirinqinə icazə vermirlər və etiraz qeyri-müəyyən müddətə qədər davam edir”.
Ekspert qeyd edib ki, Azərbaycanın məqsədi yalnız yataqların monitorinqi deyil:
“Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir. Digər variantda bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə, fəalların əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qururlar və Qarabağa daxil olan-çıxan nəqliyyat vasitələrini yoxlamağa başlayırlar. Bu, 2020-ci ilin 9 noyabr bəyanatına zidd deyil - yol bağlanmır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzarətə götürülür”.
Günay Rəsulqızı